Ronaldo tarix yazdı: 41 yaşında elə bir rekorda imza atdı ki…

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo dünya çempionatları tarixində start heyətində meydana çıxan ən yaşlı meydan oyunçusu olub.

Referans Media “Report” xəbər verir ki, 41 yaş 132 günlük hücumçu ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatının qrup mərhələsinin I turunda Konqo Demokratik Respublikası yığmasına qarşı matça start heyətində başlayıb.

Beləliklə, Ronaldo mundiallar tarixində start heyətində yer alan ən yaşlı meydan oyunçusu rekordunu yeniləyib. Bu göstəricidə onu yalnız Misir millisinin sabiq qapıçısı Essam Əl-Hadari qabaqlayır. Təcrübəli qolkiper 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında Səudiyyə Ərəbistanı ilə oyunda 45 yaş 161 günlüyündə meydana çıxmışdı.

Qeyd edək ki, Kriştianu Ronaldo karyerası ərzində beş dəfə UEFA Çempionlar Liqasının qalibi olub. O həmçinin Avropa çempionu və UEFA Millətlər Liqasının ikiqat qalibidir. Portuqaliyalı futbolçu milli komandalar tarixində ən çox qol vuran oyunçu rekordunun sahibidir.

Hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən futbolçu daha əvvəl “Sportinq” (Portuqaliya), “Mançester Yunayted” (İngiltərə), “Real” (İspaniya) və “Yuventus” (İtaliya) komandalarının formasını geyinib. O, karyerası ərzində beş dəfə “Qızıl top” mükafatına layiq görülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki