Kolumbiyada keçirilən prezident seçkilərinin birinci turundan sonra siyasi gərginlik daha da artıb. Seçkilərdə ən çox səs toplayan sağçı namizəd Abelardo de la Espriella ilə hakimiyyət düşərgəsinin namizədi İvan Cepeda arasında qarşıdurma kəskinləşib.
Referans Media xəbər verir ki, ilkin nəticələrə əsasən, Vətən Müdafiəçiləri Hərəkatının namizədi Abelardo de la Espriella səslərin 43,62 faizini toplayaraq birinci yeri tutub. Hakim Tarixi Alyans koalisiyasının namizədi İvan Cepeda isə 41,13 faiz səslə ikinci olub.
Barrankilya şəhərində tərəfdarları qarşısında çıxış edən De la Espriella prezident Qustavo Petronun seçki nəticələri ilə bağlı açıqlamalarını sərt tənqid edib. O, seçkinin nəticələrinin şübhə altına alınmaması barədə xəbərdarlıq edərək, xalqın iradəsinin açıq şəkildə ortaya qoyulduğunu bildirib.
Sağçı siyasətçi eyni zamanda ABŞ-a müraciət edərək ikinci tur seçkilərini yaxından izləməyə çağırıb. Onun sözlərinə görə, ölkədə demokratiyanın qorunması üçün beynəlxalq müşahidə vacibdir.
Digər tərəfdən, İvan Cepeda seçki prosesində bəzi uyğunsuzluqların araşdırılmasını tələb edib. O, sistemə daxil edilməyən səslərin olduğunu və səsvermə nəticələrinin daha ətraflı yoxlanılmalı olduğunu bildirib. Cepeda həmçinin səs satınalma iddialarının da araşdırılmasının vacibliyini vurğulayıb.
Birinci turda 6,92 faiz səs toplayan Demokratik Mərkəz Partiyasının namizədi Paloma Valensiya isə ikinci turda Abelardo de la Espriellanı dəstəkləyəcəyini açıqlayıb. Bu dəstəyin ikinci turun nəticələrinə ciddi təsir göstərə biləcəyi bildirilir.
Qeyd edək ki, heç bir namizəd səslərin 50 faizindən çoxunu toplaya bilmədiyi üçün Kolumbiyada prezident seçkilərinin taleyi 21 iyunda keçiriləcək ikinci turda müəyyənləşəcək. Həlledici mərhələdə Abelardo de la Espriella və İvan Cepeda ölkənin növbəti prezidenti olmaq uğrunda mübarizə aparacaqlar.
