Qonaq kimi getdiyi iki evdən əvvəl yüz minlərlə rubl, sonra isə 16 min manatlıq qızıl-zinət əşyaları oğurlayan qadın məhkəmə qarşısına çıxarılıb.
Referans Media xəbər verir ki, istintaq materiallarına görə, hadisələr 2025-ci ilin may və iyul aylarında Bakının Nərimanov rayonunda baş verib.
Cinayət işi üzrə müəyyən olunub ki, təqsirləndirilən qadın ilk epizodda tanış olduğu ailənin evində olarkən yataq otağındakı şkafın siyirməsindən 265 min Rusiya rublunu gizli şəkildə götürüb. Həmin məbləğ hadisə vaxtı məzənnə ilə 5 811 manat 98 qəpik təşkil edib.
Bundan təxminən iki ay sonra isə o, qonaq qismində olduğu başqa bir mənzildə güzgülü mebelin üzərində saxlanılan ümumi dəyəri 16 min manat olan qızıl-zinət əşyalarını – boyunbağı, brilyant qaşlı sırğalar və üzüyü oğurlayıb.
Məhkəmədə təqsirləndirilən şəxs özünü ittiham üzrə qismən təqsirli bilib. O bildirib ki, hadisələrdən əvvəl bir şəxslə sevgi münasibəti yaşayıb. İddiasına görə, həmin şəxs onu gizli çəkilmiş foto və videolarla şantaj edib, görüntüləri yayacağı ilə hədələyərək əvvəlcə tanışlarının evindən pul, daha sonra isə öz ailəsinə məxsus qızılları götürməyə məcbur edib. Təqsirləndirilən şəxs oğurladığı pulu və qızılları həmin şəxsə verdiyini iddia edib.
İbtidai istintaq zamanı verdiyi digər ifadəsində isə qadın qızıl-zinət əşyalarını maddi sıxıntı səbəbindən oğurladığını, sonradan onları tanışına satdıraraq cəmi 2 min manat əldə etdiyini bildirib. O, oğurluq faktını etiraf etsə də, sonradan verdiyi ifadələrdə hadisələrdə başqa şəxsin də rolunun olduğunu irəli sürüb.
Zərərçəkmişlər isə məhkəmədə bildiriblər ki, təqsirləndirilən şəxs ailələri ilə yaxın münasibətdə olub və evlərinə mütəmadi gedib-gəlib. Onların sözlərinə görə, oğurluq faktları aşkar edildikdən sonra əvvəlcə məsələni qarşılıqlı həll etməyə çalışsalar da, əmlak geri qaytarılmadığı üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Məhkəmə araşdırması zamanı təqdim olunan sübutlar əsasında qadının özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla və təkrar törətməklə gizli talamasında təqsirli olduğu qənaətinə gəlinib.
Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.2 (təkrar törədilməklə oğurluq) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. İbtidai istintaq dövründə həbsdə saxlanıldığı iki gün cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb./Qaynarinfo/
