2026-cı il Dünya Çempionatı öncəsi aparılan statistik hesablamalar Türkiyə millisinin turnirdəki şanslarını ortaya qoyub.
Referans Media xəbər verir ki, məşhur futbol analitikası şirkəti Opta-nın superkompüteri Dünya Çempionatını 10 min dəfə simulyasiya edərək komandaların uğur ehtimallarını hesablayıb.
Nəticələrə görə, Türkiyə millisinin dünya çempionu olmaq şansı cəmi 0,9 faiz olaraq qiymətləndirilib.
Hesabatda bildirilir ki, ay-ulduzluların 1/4 finala yüksəlmək ehtimalı 16,9 faiz, yarımfinala çıxmaq şansı 7 faiz, finala vəsiqə qazanmaq ehtimalı isə 2,6 faiz təşkil edir.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi mundialın əsas favoriti isə İspaniya millisi hesab olunur. Opta-nın proqnozuna görə, İspaniyanın çempionluq şansı 16,1 faizdir. Fransa 13 faizlə ikinci, İngiltərə isə 11,2 faizlə üçüncü pillədə qərarlaşıb. Son dünya çempionu Argentina millisinin kuboku yenidən qazanmaq ehtimalı 10,4 faiz olaraq göstərilib.
Türkiyə millisi çempionluq favoritləri siyahısında 21-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, Türkiyə 2026 Dünya Çempionatının D qrupunda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq. Millinin turnirdə ilk oyunu iyunun 14-də Avstraliyaya qarşı keçiriləcək.
