Xalq artisti həkim səhvinə görə çətinlik yaşadı, Türkiyəyə getdi

Xalq artisti Naibə Allahverdiyeva səhhətində yaranan problemə görə Türkiyəyə yollanıb.

Referans Media  xəbər verir ki, bu barədə Axşam.az-a aktrisa özü məlumat verib.

O bildirib ki, illər əvvəl rayonda çəkiliş zamanı yıxılmasından sonra hələ də ayağı sağalmır:

“Ayağım üçün müalicəyə Türkiyəyə gəlmişəm. İllər əvvəl veriliş üçün rayona çəkilişə getmişdik. Orada yıxıldım. Dağın başı idi, həkim yox idi. Adi bir həkim gəldi, amma heç nə edə bilmədi. İki gün orada qaldım. Sonra başqa bir həkim gətirdilər, ayağımı dartdı, vəziyyətim daha da ağırlaşdı. İki gündən sonra məni Bakıya göndərdilər. Burada da hansısa həkimin əlinə düşdüm, amma düzgün müalicə olunmadım”.

N.Allahverdiyeva bildirib ki, sonradan problemin düşündüyündən daha ciddi olduğu məlum olub:

“İndi həkimlər deyirlər ki, bir deyil, iki sınıq var imiş. İllərdir bunun əziyyətini çəkirəm. Çox ağır fəsadlar verib. Getmədiyim həkim qalmadı, hərəsi bir söz deyirdi. Amma heç biri problemin ikinci sınıqdan olduğunu bilmir. Məcbur olub Türkiyəyə gəldim. Burada mənə düzgün diaqnoz qoyulub, amma daha gecdir”.

N.Allahverdiyeva əlavə edib ki, ayağındakı problem tam sağalmayacaq:

“Həkimlər dedilər ki, bununla ömrümün sonuna qədər yaşayacağam. Daim müalicə almalıyam. Ağrıları azaltmaq üçün müəyyən prosedurlar edəcəklər. Ayaq biləyimin dondurulmasını təklif etdilər, amma buna razılıq vermədim. Sınığın yaratdığı fəsadları tam aradan qaldırmaq mümkün deyil. Sadəcə müəyyən müddət ağrıları azaltmaq olar. Bunun üçün də vaxtaşırı müalicəyə gəlməliyəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki