image-qocabackend

100 yaşına qədər yaşayan insanların 8 ortaq xüsusiyyəti

Mavi Bölgələr (Blue Zone) yaşla bağlı xəstəliklərin ən az rast gəldiyi və insanların qeyri-adi dərəcədə uzunömürlü olduğu ərazilər kimi tanınır. Bu bölgələrdə ürək-damar xəstəlikləri, demensiya və digər xroniki xəstəliklərə tutulma halları olduqca aşağı səviyyədədir.

Alimlər Yaponiyadakı Okinava, İtaliyadakı Sardiniya, Yunanıstandakı İkariya, Kosta-Rikadakı Nikoya və ABŞ-da rəsmi olaraq tanınan yeganə Mavi Bölgə olan Loma Linda ərazilərini araşdırıblar.Araşdırma çərçivəsində doğum və ölüm şəhadətnamələri, nikah qeydləri, hərbi sənədlər və kilsə arxivləri təhlil olunaraq yaş göstəricilərinin dəqiqliyi yoxlanılıb.

Mütəxəssislər 100 yaşına qədər yaşayan insanların ortaq xüsusiyyətlərini belə sıralayıblar:

Güclü sosial bağlılıq

Mavi Bölgələrdə insanlar əsasən kiçik, lakin dərin sosial əlaqələrə malik icmalarda yaşayırlar. Tədqiqatçılar bildirirlər ki, bu mühit qarşılıqlı etimadı və ortaq kimlik hissini gücləndirir. Cinayət səviyyəsinin yüksək olduğu yerlərdə isə insanların ömür uzunluğunun daha qısa olduğu qeyd olunur.

Bitki əsaslı qidalanma

Bu bölgələrdə qidalanma əsasən bitki mənşəlidir. Ət məhsulları nadir hallarda istehlak olunur.
Okinava, Sardiniya və Nikoya kimi ərazilərdə tərəvəzlərə, lobya və paxlalılara, tam taxıllara və sağlam yağlara üstünlük verilir.

Hərəkətli həyat tərzi

Mavi Bölgələrdə yaşayan insanlar müntəzəm idman zalı vərdişlərinə malik olmasalar da, gündəlik həyatlarında daim hərəkətdə olurlar. Gəzinti və bağ işləri onların əsas fiziki aktivlik mənbəyidir.

Güclü ailə bağları

Yaşlılar ailənin mərkəzində saxlanılır. Araşdırmalara görə, bu yanaşma sosial əlaqələri möhkəmləndirir, tənhalığı azaldır və nəsilləri daha sağlam həyat tərzinə təşviq edir.

Günorta yuxusu və istirahət

Bu bölgələrdə insanlar stressi idarə etmək üçün sadə, lakin təsirli vərdişlərə üstünlük verirlər. Günorta yuxusu da bunlardan biridir.
İkariya və Loma Lindada istirahətə ayrılan xüsusi günlər insanların daha az stress yaşamasına və ürək sağlamlığının qorunmasına kömək edir.

“Yüzdə səksən qaydası”

Xüsusilə Okinavada “Hara Hachi Bu” prinsipi tətbiq olunur. Bu yanaşmaya əsasən insanlar təxminən 80 faiz doyduqlarını hiss etdikdə yeməyi dayandırırlar. Bu vərdiş çəkinin və maddələr mübadiləsinin tarazlanmasına kömək edir.

İnanc və mənəvi bağlılıq

Mavi Bölgə əhalisinin əksəriyyəti dini və ya mənəvi icmalara mənsubdur. Aparılan araşdırmalar dini fəaliyyətlərdə iştirakın daha uzun ömürlə əlaqəli olduğunu göstərir.

Zərərli vərdişlərdən uzaq durmaq

Bu bölgələrdə insanlar siqaret, narkotik vasitələr və həddindən artıq alkoqol istifadəsindən çəkinirlər. Tədqiqatlar göstərir ki, zərərli vərdişlərdən uzaq qalmaq stresi azaldır, sağlam sosial normaları gücləndirir və uzunömürlülüyü dəstəkləyir.

 

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki