UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda səfərdə Şotlandiyanın “Seltik” komandası ilə qarşılaşan “Beşiktaş” 3:2 hesabı ilə məğlub olub. İstanbul təmsilçisi ilk məğlubiyyətini alsa da, gecənin yeganə sevindirici məqamı Orkun Kökçünün möhtəşəm qayıdışı olub.
Referans Media xəbər verir ki, 21 gün sonra meydana qayıdan Orkun Kökçü vurduğu qolla azarkeşlərə təsəlli verib.
Oktyabrın 15-də “Hoffenhaym”la keçirilən UEFA Avropa Liqası matçında zədələnən Orkun Kökçü uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı. Türkiyəli futbolçu 21 günlük fasilədən sonra “Seltik”lə görüşdə yenidən komandasına kömək etmək imkanı qazanıb.
Oyunun 76-cı dəqiqəsində Salih Özcanı əvəzləyən Orkun Kökçü cəmi 10 dəqiqə sonra fərqlənməyi bacarıb. Sol cinahdan Pokunun ötürməsini qəbul edən futbolçu cərimə meydançasından kənardan qüvvətli zərbə ilə topu rəqib qapısından keçirib və hesabı 2:2 edib.
Lakin Orkunun möhtəşəm qolu “Beşiktaş”ı məğlubiyyətdən xilas etməyə kifayət etməyib. İstanbul klubu qarşılaşmanı 2:3 hesabı ilə uduzub.
Qeyd edək ki, Orkun Kökçü zədə səbəbindən Türkiyə çempionatında “Trabzonspor”, “Başakşəhər” və “Kasımpaşa” ilə oyunlarda, Avropa Liqasında isə “Kristal Pelas”la görüşdə iştirak edə bilməyib.
Bu müddətdə “Beşiktaş” “Trabzonspor”a məğlub olub, “Kristal Pelas” və “Kasımpaşa” ilə heç-heçə edib, “Başakşəhər” üzərində isə qələbə qazanıb.
