“Qalatasaray”ın rusiyalı futbolçusu Aleksey Batrakovun maaşında ciddi artıma getməyə hazırlaşdığı iddia olunur. İstanbul təmsilçisi gənc ulduzu Avropanın nəhəng klublarının marağından qorumaq üçün həm onun maaşını artırmaq, həm də müqaviləsindəki sərbəstqalma məbləğini yüksəltmək istəyir.
Referans Media xəbər verir ki, mövsümün əvvəlində Moskva “Lokomotiv”indən 25 milyon avroya transfer edilən 21 yaşlı futbolçunun hazırkı illik maaşı 3 milyon 250 min avrodur.
Klub rəhbərliyi Batrakova yeni müqavilə təklif edərək onun illik qazancını 6 milyon avroya çatdırmağı planlaşdırır.
“Qalatasaray” gənc futbolçunun müqaviləsindəki 55 milyon avroluq sərbəstqalma bəndini də dəyişmək niyyətindədir. Yeni təklifə əsasən, bu məbləğin 100 milyon avroya çatdırılması nəzərdə tutulur.
Batrakovun uğurlu çıxışı bir sıra Avropa klublarının diqqətini cəlb edib. “Barselona”, PSJ, “Çelsi” və “Liverpul”un rusiyalı futbolçunu yaxından izlədiyi bildirilir.
O, UEFA Çempionlar Liqasının cari mövsümündə keçirdiyi 4 oyunda 4 qol vurub.
