“Fənərbaxça”da baş məşqçi dəyişikliyindən sonra məşqçi heyətində də ciddi yenilənmə başlayıb. UEFA Çempionlar Liqasında “Liverpul” üzərində 3:2 hesablı tarixi qələbədən sonra komandanın sükanı arxasına keçən Emre Belözoğlunun ilk kadr qərarı ilə bağlı diqqətçəkən iddia yayılıb.
Referans Media xəbər verir ki, iddialara görə, yeni baş məşqçinin istəyi ilə uzun illərdir İstanbul klubunda çalışan Zeki Murat Göle ilə yollar ayrılıb.
Kluba yaxın mənbələrin məlumatına əsasən, Emre Belözoğlunun məşqçi heyətində aparmaq istədiyi dəyişikliklər çərçivəsində Zeki Murat Gölenin əsas komandadakı vəzifəsinə son verilib. Qeyd edək ki, Göle uzun müddətdir “Fənərbaxça”da müxtəlif vəzifələrdə çalışıb. Onun komandadan ayrılması ilə bağlı yayılan məlumatlar hələlik iddia xarakteri daşıyır.
Məlumata görə, Zeki Murat Göle də daxil olmaqla, məşqçi heyətinin bəzi üzvlərinin əsas komanda ilə əməkdaşlığına son verilsə də, onlar bazar gününə qədər icazəli hesab olunacaqlar. Həmin şəxslərə bazar ertəsindən etibarən klub daxilində başqa vəzifələrin təklif edilməsinin planlaşdırıldığı bildirilir.
Beləliklə, Emre Belözoğlunun rəhbərliyi altında “Fənərbaxça”da yeni məşqçi heyətinin formalaşdırılması prosesi davam edir.
