ABŞ-nin Nyu-Cersi ştatında yerləşən Delaney Hall Miqrasiya və Gömrük Mühafizəsi (ICE) saxlanma mərkəzinin ətrafında günlərdir davam edən etirazların böyüməsi fonunda komendant saatı tətbiq olunub. Aclıq aksiyası keçirən miqrantlara dəstək məqsədilə təşkil olunan nümayişlərə polis gözyaşardıcı qazla müdaxilə edib, çox sayda şəxs saxlanılıb.
Referans MEDİA xəbər verir ki, ABŞ-ın Nyuark şəhərində yerləşən ICE saxlanma mərkəzinin yaxınlığında etirazçılarla təhlükəsizlik qüvvələri arasında gərginliyin artmasından sonra yerli hakimiyyət komendant saatı elan edib.
ABŞ mediasının yaydığı məlumatlara görə, Delaney Hall müəssisəsində saxlanılan miqrantların aclıq aksiyası ilə əlaqədar başlayan etirazlarda nümayişçilərlə polis arasında qarşıdurma davam edir.
Polis izdihamı dağıtmaq üçün etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Aksiya zamanı ICE siyasətini dəstəkləyən kiçik bir qrup da əraziyə gələrək miqrasiya siyasətinin lehinə şüarlar səsləndirib və plakatlar qaldırıb.
Nyuark şəhərinin meri Ras Baraka verdiyi açıqlamada, ərazidə artan təhlükəsizlik riskləri və polis müdaxiləsinə ehtiyacın yüksəlməsi səbəbindən mərkəzin ətrafında təxminən 800 metr radiusda komendant saatının tətbiq ediləcəyini bildirib.
Barakanın sözlərinə görə, yeni qərara qədər komendant saatı hər gün saat 21:00-dan 06:00-dək qüvvədə olacaq. O, həmçinin çox sayda şəxsin saxlanıldığını, bəzi iştirakçıların üzərində silah aşkar edildiyini qeyd edib.
