ABŞ mediasından ŞOK İDDİA: Tramp böyük hərbi əməliyyata hazırlaşır

ABŞ Prezidenti Donald Trampın İranla aparılan danışıqlarda Tehranın mövqeyindən getdikcə daha çox narazı olduğu iddia edilir. CNN-in yaydığı məlumata görə, Trampın yaxın çevrəsi ABŞ liderinin yenidən genişmiqyaslı hərbi əməliyyat variantını nəzərdən keçirməyə başladığını bildirib.

Referans Media xəbər verir ki, Ağ Evə yaxın mənbələr xüsusilə Hörmüz boğazında gərginliyin davam etməsi və nüvə danışıqlarında irəliləyiş əldə olunmamasının Vaşinqtonda narahatlığı artırdığını qeyd edib.

Məlumata görə, Donald Tramp İranın son təklifini “tamamilə qəbuledilməz” və “axmaqca” adlandırıb. ABŞ administrasiyası Tehranın danışıqlarda ciddi mövqe nümayiş etdirib-etdirmədiyini sorğulayır.

Xarici mediada yayılan məlumatlarda bildirilir ki, İran sanksiyaların ləğvi, ABŞ-ın bölgədəki hərbi mövcudluğunun azaldılması və Hörmüz boğazına təzyiqlərin dayandırılması kimi şərtlər irəli sürüb. Tehran həmçinin uranın zənginləşdirilməsi fəaliyyətinin tam dayandırılması əvəzinə müvəqqəti və məhdud razılaşma istəyib.

Dünyanın ən strateji enerji keçid nöqtələrindən sayılan Hörmüz boğazı ətrafında artan gərginlik qlobal bazarlarda da ciddi narahatlıq yaradıb. "Bloomberg" və "Reuters"ə danışan mənbələr ABŞ administrasiyasının əsas məqsədinin boğazdakı ticari daşımaları yenidən tam gücü ilə bərpa etmək olduğunu bildirib.

Donald Tramp daha əvvəl “Azadlıq layihəsi” adlı hərbi plan çərçivəsində ABŞ donanmasının ticari gəmiləri qoruyacağını açıqlamış, daha sonra danışıqlarda irəliləyiş ümidi ilə əməliyyatı müvəqqəti dayandırmışdı.

CNN-in məlumatına görə, Trampın bəzi müşavirləri İranın danışıqları vaxt qazanmaq üçün istifadə etdiyini düşünür. Bu səbəbdən Vaşinqtonda yenidən sərt hərbi variantların gündəmə gəldiyi bildirilir.

İddialara əsasən, Benyamin Netanyahu da Tramp administrasiyasına İranın nüvə potensialının tamamilə sıradan çıxarılması istiqamətində təzyiq göstərir.

Ekspertlər hesab edir ki, tərəflər arasında razılaşma əldə olunmasa, Hörmüz boğazında yeni böhran dalğası başlaya və bu vəziyyət dünya neft qiymətlərinə ciddi təsir göstərə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki