Bakıda 15 yaşlı qızları təqib edən 32 yaşlı şəxs həbs olundu – “Bizi restorana dəvət edirdi” backend

Bakıda 15 yaşlı qızları təqib edən 32 yaşlı şəxs həbs olundu – “Bizi restorana dəvət edirdi” 

15 yaşlı qızları maşınla izləyən, onları narahat edən şəxs həbs olunub. Həmin şəxs qızlara avtomobillə gəzməyi, restorana getməyi təklif edib.

Hadisə Suraxanı rayonu ərazisində baş verib.

15 yaşlı iki qız məşğələdən evə qayıdan zaman tanımadıqları şəxs avtomobillə onları izləməyə başlayıb. Ara məhəllədə qızlara yaxınlaşaraq onlarla tanış olmaq məqsədi ilə nömrələrini və ya instaqram səhifələrini istəyib. Qızlar qorxaraq yaxınlıqdakı marketdə gizləniblər. Lakin həmin şəxs oranı tərk etməyərək qızları gözləyib. Qızlar maşının fotosunu çəkərək ailə üzvlərinə göndəriblər. Qızlar marketdən çıxdıqdan sonra həmin şəxs yenidən onları izləməyə davam edib. Qızları restorana da dəvət edib. Hadisə zamanı qorxan qızlar ara məhəllələrlə evə gedərək ailələrinə məlumat veriblər.

Şikayət əsasında 32-ci Polis Bölməsinin əməkdaşları 32 yaşlı Fəridi (ad şərtidir) müəyyən edərək saxlayıblar. Qızların valideynləri ondan şikayətçi olub. Fərid saxlanılan zaman polis əməkdaşlarına tabe olmayıb.

Polis Bölməsinə gətirilən Fərid ifadəsində deyib ki, qızlar onu səhv başa düşərək qorxublar:

“Həmin məhəllədə bir “dəli” var idi. “Dəli” qızların arxasınca qaçaraq onları qorxudanda mən də maşını onların arxasınca sürdüm. “Dəli”ni qorxutmaq istəyirdim. Bu zaman qızlar da qorxub qaçdı”.

Qızlar isə ifadələrində bildiriblər ki, həmin şəxsə 15 yaşları olduqlarını, evə getmək istədiklərini desələr də, o, buna məhəl qoymayıb:

“Ona dedik ki, bizim 15 yaşımız var. O da bizə deyirdi ki, 22 yaşı var. Biz ondan qorxaraq marketdə gizlənmişdik”.

Araşdırma zamanı Fərid xırda xuliqanlıq və polisə müqavimətdə təqsirli bilinərək məhkəmənin qərarı ilə 15 sutka inzibati qaydada həbs edilib.
//

Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki