Dünya siyasətinin ritorikasında bəzən sözlər və hərəkətlər bombalardan daha təsirli olur. ABŞ prezidenti Donald Tramp bu dəfə əlində B-52 bombardmançısının modeli, dilində isə nüvə təhdidinə qarşı “məhvetmə” ritorikası ilə danışdı. Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən Donald Tramp bildirdi ki, İranın nüvə proqramı təhlükəli dərəcədə irəliləmişdi və ABŞ hücum etməsəydi, İran cəmi 2 ay ərzində nüvə silahına sahib ola bilərdi.
“Biz onların nüvə silahı istehsal etmək imkanlarını aradan qaldırdıq”, – deyə Tramp B-52 bombardmançısının maketini havada yelləyərək bəyan edib. “Onlar yenidən başlaya bilərlər, lakin bu, onlar üçün təhlükəlidir. Biz geri dönəcəyik”, deyə Tramp bildirib.
ABŞ prezideninin bu açıqlamasına İrandan dərhal reaksiya gəlib. İran xarici işlər nazirinin müavini Abbas Əraqçi dövlət televiziyasında çıxış edərək bildirib ki, Vaşinqtonla danışıqlara dair qəti razılaşma yoxdur və bu proses yalnız “milli maraqlara” əsasən davam etdirilə bilər. Əraqçinin bəyanatına görə, artıq 5 raund davam etmiş nüvə müzakirələri İsrailin hücumları səbəbilə dayandırılıb və ölkənin bir neçə nüvə obyekti bombalanaraq ziyan görüb. Bu yeni reallıq isə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq formatının da dəyişməsini şərtləndirir. “Yeni parlament qanununa görə, istənilən əməkdaşlıq Ali Milli Təhlükəsizlik Şurasının razılığı ilə həyata keçirilməlidir”, – deyə Əraqçi əlavə edib.
Referans xəbər verir ki,Politoloq Qabil Hüseynli Musavat.com-a deyib ki, bu gərgin fonu “regional böhranı dərinləşdirən və təhlükə sferasını genişləndirən proses” kimi qiymətləndirir:
“Trampın sərt ritorikası və İranın müdafiə mövqeyi Qafqazdan Ərəb yarımadasına qədər olan coğrafiyada “yumşaq diplomatiya dövrünün başa çatdığını” göstərir.
Hazırkı situasiya bir daha sübut edir ki, İranın nüvə proqramı sadəcə milli suverenlik məsələsi deyil, regional və qlobal təhlükəsizlik balansını təhdid edən çoxsəviyyəli böhrandır. ABŞ və İran arasında baş verən ritorik münaqişə, mahiyyət etibarilə, iki müxtəlif strateji baxışın toqquşmasıdır. Bir tərəfdə hegemon güc statusunu qorumağa çalışan bir dövlətin önləyici mövqeyi, digəri isə beynəlxalq təcriddən çıxmaq və öz təhlükəsizlik konsepsiyasını formalaşdırmaq istəyində olan bir regional gücün özünü ifadəsi ortalıqdadır.
Trampın “Biz onları məhv etdik” açıqlaması əslində hərbi güc nümayişindən daha çox, qarşı tərəfi psixoloji təzyiq altında saxlamaq məqsədi güdür. ABŞ-ın İrana qarşı istifadə etdiyi ritorika maksimum təzyiqə əsaslanır, son dərəcə aqressivdir və bu, İran rejiminin daxili siyasi mövqelərini sərtləşdirməyə xidmət edir. Tarix boyu sanksiyalar və hərbi təhdidlər İran daxilində reformistləri zəiflədib, sərt xətt tərəfdarlarını isə gücləndirib. Bu gün də fərqli mənzərə yoxdur. Abbas Əraqçinin ritorikası da təsadüfi deyil. Onun parlamentin qanunu, Ali Milli Təhlükəsizlik Şurasının razılığı, yeni reallıq kimi ifadələri göstərir ki, Tehran artıq beynəlxalq diplomatiyada güzəştli dildə danışmaq imkanlarını minimuma endirib. Əvəzində hüquqi və milli suverenlik ritorikasına üstünlük verir. Əraqçi, dolayısı ilə, “qapılar tam bağlanmayıb, amma açar artıq bizim əlimizdədir” mesajını verir.
Qabil Hüseynli qeyd edib ki, İsrailin İrana məxsus nüvə obyektlərinə dron və raket hücumları, həmçinin “kölgə müharibə”nin daha açıq mərhələyə keçdiyini göstərir: “Bu tip hücumlar həm də ABŞ-İran diplomatik danışıqlarına açıq sabotaj hesab oluna bilər. Nəticədə, Tehran daha çox qapanır, dialoq yerini revanşizm və radikallaşma tutur. Məlum məsələdir ki, İranın Yaxın Şərqdəki proksi şəbəkəsi təkcə ideoloji deyil, strateji bufer funksiyasını yerinə yetirir. İraqda Haşdi Şabi, Livanda Hizbullah, Yəməndə Husi qüvvələri vasitəsilə İran bir növ öz ərazisini region boyu genişləndirib. Belə bir coğrafi strateji mozaikada İranın tam təcrid edilməsi real deyil, lakin ona qarşı çevik müharibə taktikası seçilib. ABŞ-İsrail tandemi hərbi yolla rejimi dəyişmək istəmir, əvəzində onu iqtisadi, texnoloji və diplomatik tələyə salmağa çalışır”.
Politoloq deyib ki, bu fon daha geniş miqyasda təhlükəsizlik çağırışlarını gündəmə gətirir:
“İranın nüvə silahı əldə etməsi Yaxın Şərqdə domino effektini işə sala bilər. Səudiyyə Ərəbistanı, Misir, Türkiyə kimi dövlətlər də analoji şəkildə nüvə texnologiyasına can ata bilər. Belə bir silahlanma spiralı təkcə region üçün deyil, bütün dünya üçün təhlükədir. Bu zaman BMT-nin nüfuzu, Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarət mexanizmləri sual altına düşəcək. Faktiki olaraq, nüvə silahının yayılmasının qarşısını alan qlobal sistem zəifləyəcək və daha çox ölkə “nüvə klubu”na daxil olmağa çalışacaq”.
Politoloq deyib ki, Azərbaycan isə bu cərəyanların fonunda balanslaşdırılmış siyasət yürütmək məcburiyyətindədir:
“Bir tərəfdən İrana qonşuyuq, digər tərəfdən ABŞ və Qərb ilə tərəfdaşlıq münasibətlərimiz mövcuddur. Üstəlik, İsrail ilə hərbi-texniki əməkdaşlığımız da İran tərəfindən hər zaman narazılıqla qarşılanıb. Azərbaycan bu vəziyyətdə nə qədər neytral qalmaq istəsə də, geosiyasi reallıq bizi müəyyən seçimlər qarşısında qoyur. Hərbi eskalasiyalar fonunda sərhəd yaxınlığında gərginlik artarsa, bu, qaçqın axını, iqtisadi təsirlər və ticarət yollarında fasilələrə səbəb ola bilər. Bu baxımdan, Azərbaycan həm diplomatik kanallar, həm də regional təhlükəsizlik formatları çərçivəsində öz rolunu daha da gücləndirməli, hadisələri passiv müşahidəçi kimi deyil, aktiv oyunçu kimi izləməlidir. Son olaraq, bu böhranlı dövrün əsas dərsi budur ki, sülh yalnız ritorika ilə qurulmur, o, qarşılıqlı etimad və real güzəştlər tələb edir. ABŞ-İran gərginliyi ritorikadan hərbi eskalasiyaya keçərsə, təkcə region deyil, qlobal enerji təhlükəsizliyi, neft bazarları və beynəlxalq hüquq sistemi də sarsıla bilər. Buna görə də, dünya gücləri üçün indi əsas prioritet nüvə qarşıdurmasına çevrilə biləcək bu konfliktin diplomatik masa üzərinə qaytarılması olmalıdır”