Türkiyə hakimiyyəti Ukrayna mövzusunda liderlər səviyyəsində sammitin keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Referans xəbər verir ki, bu barədə Ankaradakı mənbələr məlumat yayıb. Qeyd olunub ki, hələlik bu təşəbbüslə bağlı konkret qərar yoxdur, lakin lazım olarsa, Türkiyə görüşə ev sahibliyi edə bilər.
Mənbənin sözlərinə görə, Türkiyənin vasitəçilik təcrübəsi və diplomatik imkanları onu belə görüş üçün əlverişli platformaya çevirə bilər:
“Ən yüksək səviyyədə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən Rusiya Federasiyası, ABŞ və Ukrayna liderlərinin Türkiyədə zirvə görüşünün keçirilməsi təklifini irəli sürüb”.
Hələlik bu təklifə rəsmi cavab verilməyib.
Bundan əvvəl “Reuters” adı açıqlanmayan mənbələrə istinadən yazmışdı ki, Rusiya Prezidenti Vladimir Putin, ABŞ lideri Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü Avropa və ya Yaxın Şərqdə baş tuta bilər. Lakin bu məlumat hələ rəsmi təsdiqini tapmayıb.
Qeyd edək ki, Aİ liderləri və Zelenski ilə danışıqlardan sonra çıxış edən Tramp Putinlə Alyaskada keçirilən sammitdən dərhal sonra Ukrayna Prezidenti ilə görüş arzusunu ifadə edib.