Yunanıstanın Siros Adası heyvansevərlər üçün qeyri-adi bir könüllü proqramla diqqət mərkəzinə düşüb.
Referans Media xəbər verir ki, sosial mediada böyük maraq doğuran layihə çərçivəsində gündə cəmi beş saat pişiklərə qulluq edən şəxslərə adada pulsuz yaşayış yeri və səhər yeməyi təmin olunur. Qeyri-hökumət təşkilatı Syros Cats adanın sahibsiz pişiklərinə qayğı göstərəcək könüllülər axtarır. Könüllülər gündə beş saat işləyir, həftədə beş gün pişikləri yemləyir, suyunu təmin edir, gigiyenik şərait yaradır və sağlamlıq yoxlamalarını aparır. İşin ən xoş tərəfi pişik balalarının sosiallaşmasına dəstək olmaq və onlara sevgi göstərməkdir.
Layihəyə qoşulanlar üçün təşkilat pulsuz yaşayış yeri təmin edir. Hər iştirakçı şəxsi otaqda qalır, vanna otağı və mətbəx kimi ümumi məkanlar isə isti və dostcanlı bir atmosfer yaradır. Səhər yeməyi və əsas məişət ehtiyacları təşkilat tərəfindən qarşılanır, şəxsi xərclər isə iştirakçının öhdəliyindədir. Proqrama qoşulmaq üçün peşəkar baytarlıq təhsili və ya heyvan baxımı təcrübəsi tələb olunmur.
Əsas şərt pişikləri sevmək, məsuliyyətli olmaq və aktiv iş tempinə uyğunlaşa bilməkdir. Baytarlıq və ya heyvan baxımı təcrübəsi olanlar isə seçim zamanı üstünlük qazanır. Sosial mediada yayılan videolar və müraciətlərin artması nəticəsində 2026-cı il üçün bütün yerlər artıq dolub. Rəsmi nümayəndələr bildirirlər ki, növbəti dövr üçün müraciətlər 2026-cı ilin payızında qəbul ediləcək və 2027-ci il iştirakçıları üçün yeni fürsət yaranacaq. Qeyd edək ki, layihə Egey dənizində yeni həyat təcrübəsi axtaran heyvansevərlər üçün ideal fürsət olaraq qiymətləndirilir./sfera.az























