Azərbaycan hüquqi dövlətdir və burada hər kəs qanun qarşısında bərabərdir. Millətindən, mənşəyindən və ya arxalandığı adlardan asılı olmayaraq, heç kim dövlətin qanunlarından üstün ola bilməz. Lakin təəssüflər olsun ki, hələ də öz şəxsi maraqları üçün başqalarının adından sui-istifadə edən, vətəndaşları aldadan və qanunu heçə sayan hallarla rastlaşırıq.
Binə kəndində kənd təsərrüfatı ilə məşğul olan sadə bir sakin — Səxavət Məmmədov bu an ağır psixoloji gərginlik və çıxılmaz vəziyyət yaşayır. İddia olunur ki, Prezidentin Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Bəylər Eyyubovun qohumları olduğu bildirilən Sabir Əsədov, Elbəyi Əsədov, İsmayıl Əsədov qardaşları və onların bacısı oğlu Rəşid Advoev tərəfindən külli miqdarda dələduzluğa məruz qalıb.
Biznes adı ilə Səxavət Məmmədovu aldadaraq külli miqdarda borc altına salan bu şəxslər, indi onun həyatını dözülməz həddə çatdırıblar. Səxavət Məmmədov borc sahibləri tərəfindən hər gün sıxışdırılır, adı çəkilən qrup tərəfındən isə açıq şəkildə hədələnir. Onlar Səxavət bəyə məhkəməyə və digər hüquq-mühafizə orqanlarına müraciət etməməyi tapşırır, əks halda onu daha ağır nəticələrlə qorxudurlar.
Həmin şəxslər özlərinin kürd mənşəli olduqlarını önə çəkərək hədə-qorxunu gəlirlər. Ancaq bu cür adamlar çox səhv edirlər. Azərbaycanda hər kəs bir bayraq altında birləşib! Bu ölkədə ayrı-ayrı etnik qruplar arasında ayrı-seçkilik salmaq, "mən filankəsəm," deyərək qanunlardan üstün olmaq cəhdləri keçmir. Azərbaycanda hər kəsin hüquqlarını qoruyan tək bir qanun var — Azərbaycan Respublikasının Qanunu!
Maraqlıdır ki, rayon məhkəməsi Səxavət Məmmədovun xeyrinə qərar çıxarsa da, bu qrup həmin qərarı da ayaqlar altına atıb, qanunları heç saya bilir. Görəsən, bu cür cəsarəti və toxunulmazlıq "statusunu" onlara kim verib?
Hər kəsə məlumdur ki, Bəylər Eyyubov hər zaman dövlətinə və qanunlarına sədaqəti ilə seçilən bir şəxs olub. Lakin bu cür dələduzlar illərdir ki, onun adından kölgə kimi istifadə edərək öz çirkli əməllərini ört-basdır edir, haqsız qazanc əldə edirlər. Ola bilsin ki, bu adamlar indiyə qədər qanun qapazı görməyiblər, hər şeyi ört-basdır edə biliblər, amma artıq bıçaq sümüyə dirənib.
Günahsız bir insanın məhv olması sadəcə bir ailənin faciəsi deyil, bütövlükdə cəmiyyətin və ədalət sisteminin problemidir. Əgər bir vətəndaş haqsızlıq ucbatından məhv olursa, deməli, haradasa böyük bir boşluq və ya haqsızlıq hökm sürür.
Cənab Prezident dəfələrlə bəyan edib ki, korrupsiya və özbaşınalıq halları ilə bağlı məsələləri ictimailəşdirin, səsinizi çatdırın. Biz də bu ümidlə məsələni ictimaiyyətə, diqqətə çatdırırıq. Ümid edirik ki, aidiyyəti hüquq-mühafizə qurumları dərhal bu vəziyyətə müdaxilə edəcək, Səxavət Məmmədovun hüquqlarını bərpa edəcək və qanunu heç sayan bu şəxslər barəsində lazım olan sərt tədbirləri görəcəklər.
Qeyd edək ki, qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hər zaman hazırıq.
