Qlobal bazarlarda qızıl və gümüşün qiymətinin enməsi, Azərbaycanda isə avro və rublun ucuzlaşması fonunda ABŞ dollarının məzənnəsinin dəyişməz qalması diqqət çəkir.
Mövcud vəziyyət və yaxın aylarda valyuta bazarında gözlənilən tendensiyalarla bağlı iqtisadçı Xalid Kərimli Referans Media-ya danışıb. İqtisadçının sözlərinə görə, Azərbaycanda artıq təxminən 10 ildir ki, faktiki olaraq sabit məzənnə rejimi tətbiq olunur:
“Azərbaycanda artıq 10 ilə yaxındır ki, fiksə edilmiş məzənnə rejimi seçilib. Yəni manat dollara bağlanıb. Bunu belə təsəvvür etmək olar: böyük bir gəmi hərəkət edir, Azərbaycan manatı isə ona qoşulmuş motorsuz qayıq kimidir. Qayıq gəminin arxasına bağlanıb, gəmi hərəkət etdikcə o da hərəkət edir, dayananda isə dayanır.
Hazırda seçilmiş rejim budur. Ona görə də dolların məzənnəsində xüsusi zərurət yaranmadığı təqdirdə bu siyasət davam etdiriləcək. Dolların sabit qalmasının əsas səbəbi də məhz budur.
İlin sonuna qədər də bu rejimin qorunub saxlanılacağı gözlənilir. Yəni manatın dollara bağlı şəkildə qalacağı ehtimal olunur. Hazırda bu istiqamətdə hər hansı ciddi risk gözlənilmir”.
Gülnaz Abdullazadə
