Cambridge Universitetinin alimləri ilk dəfə olaraq əsas komponenti tamamilə süni intellekt tərəfindən hazırlanmış və insanlar üzərində sınaqdan keçirilmiş peyvənd hazırlayıblar.
Yeni peyvənd bütün koronaviruslara, o cümlədən gələcəkdə pandemiyaya səbəb ola biləcək virus növlərinə qarşı geniş qoruma yaratmaq məqsədi daşıyır. Alimlər bildirirlər ki, texnologiya gələcək epidemiyaların qarşısını almağa kömək edə bilər.
Süni intellekt müxtəlif koronavirusların genetik məlumatlarını təhlil edərək immun sistemini geniş spektrli viruslara qarşı hazırlayan xüsusi “super antigen” yaradıb. Bu antigen peyvəndin əsas hissəsini təşkil edir.
İlkin sınaqlar 39 nəfər üzərində aparılıb və təhlükəsizlik baxımından müsbət nəticələr əldə olunub. Hazırda təxminən 200 nəfərin iştirakı ilə ikinci mərhələ tədqiqatları davam edir.
Mütəxəssislər hesab edirlər ki, süni intellektdən istifadə peyvəndlərin hazırlanmasını sürətləndirə və gələcək pandemiyalara qarşı mübarizədə mühüm rol oynaya bilər. Cambridge komandası hazırda qrip, H5N1 quş qripi və Ebola viruslarına qarşı da oxşar peyvəndlər üzərində çalışır.
