Avqust ayının başlaması ilə kirayə mənzil bazarında ənənəvi canlanma dövrü də yaxınlaşır. Hər il ali məktəblərə qəbul, yeni tədris ilinin başlanması və bölgələrdən paytaxta gələn tələbələrin sayının artması fonunda xüsusilə Bakıda kirayə mənzillərə tələbat yüksəlir. Bu isə qiymətlərin bahalaşacağı ilə bağlı gözləntiləri artırır. Bəs bu il bazarda vəziyyət necədir? Kirayə mənzillərin qiymətlərində artım başlayıbmı? Ümumilikdə daşınmaz əmlak bazarında hansı tendensiyalar müşahidə olunur?
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Günay İsmayılqızı Musavat.com-a mövzu ilə bağlı fikirlərini bölüşüb: "Avqust ayının sonu və sentyabrın əvvəli kirayə mənzil bazarında ən aktiv dövr hesab olunur. Bunun əsas səbəbi yeni tədris ilinin başlanması, regionlardan Bakıya gələn tələbələrin, müəllimlərin və yeni işə başlayan şəxslərin sayının artmasıdır. Bu amil kirayə bazarında mövsümi tələb dalğası yaradır və qiymətlərə birbaşa təsir göstərir. Hazırda bazarın təhlili göstərir ki, kirayə mənzillərə tələbat satış bazarı ilə müqayisədə daha sürətlə artır. Xüsusilə universitetlərə yaxın ərazilərdə yerləşən bir və ikiotaqlı mənzillər bazarın ən çox tələb olunan seqmentidir. Bu səbəbdən avqustun ikinci yarısından etibarən həmin ərazilərdə kirayə qiymətlərinin artması tamamilə bazar qanunauyğunluğudur. Bununla belə, kirayə bazarında baş verən qiymət artımını daşınmaz əmlakın satış qiymətləri ilə eyniləşdirmək düzgün olmaz. Kirayə bazarında dəyişiklik əsasən mövsümi tələbin təsiri altında formalaşır. Satış bazarında isə qiymətlər daha çox tikinti xərcləri, maliyyələşmə imkanları, ipoteka alətləri, şəhərsalma siyasəti və uzunmüddətli investisiya gözləntiləri ilə müəyyən edilir. Yəni kirayə bazarında müşahidə olunan qısamüddətli bahalaşma satış bazarında eyni sürətlə əks olunmur".
AQP rəsmisi bildirib ki, bu il bazarda əvvəlki illərlə müqayisədə daha çox təklif olsa da, tələbin yenə də yüksək olacağı gözlənilir: "Sentyabr ayına qədər kirayə qiymətlərində müəyyən artım qaçılmaz görünür. Lakin hesab edirik ki, bazarda kəskin qiymət sıçrayışı deyil, daha çox lokal və seqmentlər üzrə fərqlənən bahalaşma müşahidə ediləcək. Əslində hər il eyni problemin təkrarlanması göstərir ki, məsələ yalnız daşınmaz əmlak bazarı ilə bağlı deyil. Bu, ali təhsil infrastrukturunun və urbanizasiya siyasətinin də nəticəsidir. Minlərlə tələbənin eyni vaxtda yalnız paytaxta axını paytaxtın kirayə bazarında süni tələb yaradır və qiymətlərin mövsümi şəkildə yüksəlməsinə səbəb olur'.
Müsahibimiz hesab edir ki, uzunmüddətli perspektivdə ali təhsil müəssisələrinin bir hissəsinin regionlarda yerləşdirilməsi və ya yeni universitet şəhərciklərinin yaradılması artıq zərurətə çevrilib: "Bu addım təkcə Bakıda kirayə mənzil bazarına düşən təzyiqi azaltmayacaq, eyni zamanda regionların iqtisadi inkişafını sürətləndirəcək, yeni xidmət sektorlarının formalaşmasına, investisiyaların artmasına və əhalinin ölkə üzrə daha balanslı yerləşməsinə şərait yaradacaq.
Digər vacib istiqamət isə tələbə yataqxanalarının sayının artırılmasıdır. Dünyanın əksər inkişaf etmiş ölkələrində tələbələrin əhəmiyyətli hissəsi universitet yataqxanalarında qalır. Azərbaycanda da bu istiqamətdə genişmiqyaslı layihələrin həyata keçirilməsi kirayə bazarında mövsümi gərginliyi əhəmiyyətli dərəcədə azalda bilər".
AQP sədrinin müavini qeyd edir ki, payız mövsümünə qədər kirayə bazarında aktivlik davam edəcək: "Problemin köklü həlli bazara inzibati müdaxilədə deyil, təklifin artırılmasında, tələbə yaşayış infrastrukturunun genişləndirilməsində və ali təhsil müəssisələrinin regionlar üzrə daha balanslı yerləşdirilməsindədir. Məhz bu yanaşma həm daşınmaz əmlak bazarında sabitliyin qorunmasına, həm də ölkənin dayanıqlı regional inkişafına xidmət edəcək".
