İranda artan sosial-iqtisadi gərginlik fonunda kütləvi etiraz aksiyaları artıq üçüncü gecədir ki, davam edir. Etirazların ən gərgin nöqtələrindən biri Həmədan şəhəri olub.
Referans Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdə təhlükəsizlik və repressiv qüvvələrin şəhər mərkəzində yerləşən banklardan birinin qapılarını sındırdığı əks olunur. Kadrlarda polis və xüsusi təyinatlıların sərt müdaxiləsi, ərazidə xaotik vəziyyət və vətəndaşların panikası açıq şəkildə görünür.
Məlumatlara görə, etirazların əsas səbəbi İran rialının sürətlə dəyər itirməsi, qiymət artımı, işsizlik və ümumi iqtisadi vəziyyətin pisləşməsidir. Yerli sakinlərin bildirdiyinə görə, təhlükəsizlik qüvvələrinin aksiyalara müdaxiləsindən sonra şəhərdə gərginlik daha da artıb, bəzi küçələrdə toqquşmalar yaşanıb.
Hadisələrlə bağlı məlumatı “Independent Persian” də təsdiqləyib. Nəşrin yazdığına görə, Həmədanda baş verənlər ölkənin digər bölgələrində müşahidə olunan repressiv ssenarinin tərkib hissəsidir.
Müşahidəçilərin fikrincə, iqtisadi böhranın dərinləşməsi və sərt güc tətbiqi ölkə daxilində narazılığın daha geniş miqyas almasına səbəb ola bilər.






















