İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanıldı

Paytaxtda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq və quldurluq cinayətlərində şübhəli bilinən şəxslər saxlanılıb.

Referans Media xəbər verir ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsində mağazadan oğurluq faktı qeydə alınıb.

Zərərçəkən polisə müraciət edərək icarədarı olduğu mağazadan 2169 manat dəyərində məişət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı S.Cabbarov müəyyən olunaraq saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, işlədiyi mağazadan məhsulları hissə-hissə çıxararaq oğurlayıb və sonradan satıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər hadisə isə Binəqədi rayonunda baş verib. Taksi sürücüsü polisə müraciət edərək idarə etdiyi "KIA" markalı avtomobilə müştəri kimi əyləşən naməlum şəxsin onu kəsici-deşici alətlə hədələdiyini, pul vəsaitini ələ keçirərək hadisə yerindən qaçdığını bildirib.

Polisin keçirdiyi tədbirlər nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı T.Binyətov saxlanılıb.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, iyulun 31-də ölkə üzrə polis əməkdaşları tərəfindən 45 cari və əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin üstü açılıb. Həmin gün 111 axtarışda olan şəxs saxlanılıb, narkotiklərlə bağlı 18, qanunsuz silah-sursatla əlaqədar 7 fakt aşkarlanıb, ümumilikdə 53 cinayət şübhəlisi tutulub. Bundan başqa, axtarışı aparılan 7 itkin şəxs tapılıb, dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılıb, təxminən 23 kiloqram narkotik vasitə, həmçinin 5 avtomat, 1 tapança, 2 tüfəng, 3 patron darağı və 22 patron aşkar edilərək götürülüb./Musavat.com 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki