Məzara heç kim buraxılmadı – Xüsusi geyimli şəxslər tabutu torpağa tapşırdı

Türkiyənin Tokat vilayətində Krım-Konqo hemorragik qızdırması (KKHQ) şübhəsi ilə müalicə alan iki uşaq atası Dursun Almamış vəfat edib.

Referans Media xəbər verir ki, virusun yoluxma riskinə görə dəfn mərasimində ciddi təhlükəsizlik tədbirləri görülüb. Mərasim iştirakçılarının qəbirə yaxınlaşmasına icazə verilməyib, tabut isə xüsusi qoruyucu geyimdə olan şəxslər tərəfindən məzara endirilib.

Sulusaray rayon sakini, ailəli və iki uşaq atası olan Dursun Almamışı təxminən dörd gün əvvəl gənə dişləyib. Bildirilir ki, o, gənəni özü çıxarıb. Bir müddət sonra səhhəti pisləşən Almamış Tokat Qaziosmanpaşa Universitetinin Araşdırma və Tətbiq Xəstəxanasına yerləşdirilib.

Həkimlər onda Krım-Konqo hemorragik qızdırması şübhəsi ilə müalicəyə başlasalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Dəfn mərasimində ciddi məhdudiyyətlər tətbiq olundu

Mərhumun cənazəsi Sulusaray rayonundakı Taşköprü qəbiristanlığında torpağa tapşırılıb.

Yoluxma riskini minimuma endirmək məqsədilə qəbiristanlıqda xüsusi təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşların tabuta və məzara yaxınlaşmasına icazə verilməyib. Tabut yalnız xüsusi qoruyucu geyim və vasitələrlə təchiz olunmuş yaxınları tərəfindən məzara endirilib.

Dəfn başa çatdıqdan sonra qəbir xüsusi texnika vasitəsilə torpaqla örtülüb.

Səhiyyə mütəxəssisləri Krım-Konqo hemorragik qızdırmasının əsasən gənə dişləməsi ilə yayıldığını xatırladaraq, gənə ilə təmas zamanı onun əl ilə çıxarılmamasını və dərhal tibb müəssisəsinə müraciət edilməsini tövsiyə edirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki