“Ağıllı ev” konsepsiyası Azərbaycanda hələ tam geniş yayılmayıb, amma son illərdə tədricən populyarlaşmağa başlayıb. Xüsusilə yeni tikilən binalarda və fərdi yaşayış evlərində bu texnologiyalara maraq artmaqdadır. Bəs nə üçün hələ də hər kəsə görə əlçatan deyil?
Referans Media bildirir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən tikinti eksperti Muxtar Ərturan bildirib ki, əsas səbəblərdən biri sistemlərin və avadanlıqların qiymətinin yüksək olmasıdır:
"Bundan əlavə, “ağıllı ev” texnologiyalarının quraşdırılması və inteqrasiyası da əlavə xərc və texniki bilik tələb edir. Bu da onun kütləvi şəkildə yayılmasını bir qədər ləngidir.
Hazırda bu sahə daha çox maddi imkanları nisbətən yüksək olan istifadəçilər arasında yayılıb. Eyni zamanda, enerji qənaəti, təhlükəsizlik sistemlərinin avtomatlaşdırılması və komfortun artırılması kimi üstünlüklər səbəbilə maraq getdikcə artır.
Ümumilikdə isə “ağıllı ev” konsepsiyası Azərbaycanda inkişaf mərhələsində olan və gələcəkdə daha geniş yayılması gözlənilən bir sahə kimi qiymətləndirilir",- deyə o qeyd edib.
Beləliklə, müasir ev idarəetmə sistemləri rahatlıq və yüksək təhlükəsizlik vəd etsə də, ilkin quraşdırılma xərclərinin yüksək olması və spesifik texniki xidmət tələbi bu texnologiyanın kütləviləşməsinin qarşısını alır. Azərbaycanda bu sahəyə maraq artsa da, innovativ infrastrukturun tam formalaşmaması və cəmiyyətdə texnoloji vərdişlərin hələ inkişaf mərhələsində olması prosesin bir qədər də yavaş sürətlə getməsinə səbəb olur.
