image-neftbackend

Neftin qiyməti artır: Azərbaycan iqtisadiyyatına təsiri necə olacaq?

Son günlər dünya bazarında neftin qiymətinin artması iqtisadi müzakirələri yenidən gündəmə gətirib. Ekspertlər hesab edir ki, neft qiymətlərindəki dəyişikliklər Azərbaycan iqtisadiyyatına da birbaşa təsir göstərir.

Referans Mediya-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Brent Crude dünya bazarında əsas etalon neft növlərindən biridir və bir çox ölkənin ixrac etdiyi neftin qiyməti bu göstəriciyə yaxın formalaşır. Azərbaycan əsasən Azeri Light markalı neft satır və onun qiyməti də adətən Brent ilə paralel hərəkət edir. Buna görə Brent neftinin qiyməti 115 dollardan yuxarı qalxarsa, böyük ehtimalla Azeri Light neftinin satış qiyməti də yüksəlir və Azərbaycan ixrac etdiyi hər barel neftdən daha çox gəlir əldə edir.

image-akif-nesirliEkspertin sözlərinə görə, neftin bahalaşması Azərbaycan iqtisadiyyatı və dövlət büdcəsi üçün qısa müddətdə müsbət sayılır. Çünki ölkənin ixrac gəlirlərinin və büdcə daxilolmalarının mühüm hissəsi neft sektorundan formalaşır. Qiymət yüksələndə dövlət büdcəsinə daha çox vəsait daxil olur, Azərbaycan Respublikası Dövlət Neft Fondu vasitəsilə ölkəyə əlavə valyuta axını yaranır və büdcə xərclərini maliyyələşdirmək daha asan olur. Bu həm də manatın sabitliyinə müəyyən dəstək verə bilər. Amma uzun müddətdə iqtisadiyyatın neftdən çox asılı olması risk hesab olunur.

Akif Nəsirli qeyd edib ki, dünya bazarında neft bahalaşsa belə, Azərbaycanda benzin və dizelin qiyməti avtomatik olaraq dəyişmir. Çünki ölkədə yanacaq qiymətləri dövlət tərəfindən tənzimlənir və bu qərarlar Tarif (Qiymət) Şurası tərəfindən qəbul edilir. Adətən hökumət daxili bazarda qiymətləri uzun müddət sabit saxlayır. Buna görə dünya bazarında neft bahalaşsa da, daxili yanacaq qiymətləri dərhal artmaya bilər. Lakin qiymət fərqi çox böyüsə və uzun müddət davam etsə, müəyyən dövrdən sonra yanacaq tariflərinə yenidən baxılması ehtimalı yarana bilər.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki