New York Times araşdırması dünyanı silkələdi: Netanyahu hüquqi mübarizəyə başlayır

Benyamin Netanyahu, "Nyu-York Tayms" qəzeti tərəfindən yayımlanan və Fələstinli məhbuslarla bağlı işgəncə və cinsi zorakılıq iddialarını ehtiva edən araşdırma materialına görə məhkəmə iddiası qaldırılacağını açıqlayıb.

Referans Media xəbər verir ki, Netanyahu öz sosial media hesabında açıqlama yayaraq hüquq müşavirlərinə qəzet və məqalənin müəllifi Nikolas Kristof barəsində “ən sərt hüquqi addımların atılması” istiqamətində göstəriş verib.

İsrail Baş nazirliyinin ofisi də Netanyahu və xarici işlər naziri Gideon Saar tərəfindən qəzetə qarşı təzminat iddiası qaldırılması barədə qərar verildiyini təsdiqləyib.

NYT-nin 12 may tarixli araşdırmasında İsrail həbsxana və saxlanma mərkəzlərində Fələstinli məhbuslara qarşı işgəncə, cinsi zorakılıq, çılpaq axtarış və digər pis rəftar iddialarına yer verildiyi bildirilir. Araşdırma çərçivəsində 14 Fələstinli kişi və qadınla müsahibə aparıldığı qeyd olunub.

Məqalədə adı çəkilən şəxslər saxlanma zamanı zorakılıq, təhdid və pis rəftarla üzləşdiklərini iddia ediblər.

Digər tərəfdən, "The Guardian" tərəfindən əvvəl yayımlanan hesabatda da son illərdə oxşar iddialara dair məlumatlara yer verildiyi bildirilir.

İsrail tərəfi isə bu iddiaları rədd edərək onların hüquqi yolla araşdırılacağını vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki