image-komputer-11-1backend

Oturaraq işləyənlərin diqqətinə: Demensiya riski var

Bütün günü masa arxasında çalışanlar üçün mühüm xəbərdarlıq edilib. Mütəxəssislərin sözlərinə görə, uzunmüddətli hərəkətsizlik təkcə bel, boyun ağrıları, həmçinin artıq çəki kimi problemlərə səbəb olmur, o, həm də beyin sağlamlığına birbaşa təsir göstərə bilər.

Referans Media Sfer.az-a istinadən xəbər verir ki, nevrologiya üzrə mütəxəssis, dosent dr. Demet Aygün Üstel Kanadadakı York universitetində aparılan genişmiqyaslı araşdırmaya əsaslanaraq bildirib ki, gündəlik həyat tərzi ilə demensiya riski arasında əhəmiyyətli əlaqə mövcuddur.

Araşdırmanın nəticələrinə əsasən, müntəzəm fiziki aktivliklə məşğul olan insanlarda demensiya inkişaf riski təxminən 25 faiz daha aşağıdır. Mütəxəssislər vurğulayır ki, idman yalnız əzələ və ürək sağlamlığı üçün deyil, həm də beyin funksiyalarının qorunmasında mühüm rol oynayır. 

Eyni zamanda, uzunmüddətli oturaq həyat tərzi də risk faktorları arasında göstərilir. Bildirilir ki, gündə 8 saatdan çox oturmaq demensiya riskini təxminən 27 faiz artıra bilər. Bu səbəbdən, xüsusilə ofis şəraitində çalışanlar üçün müntəzəm hərəkət və fasilələrlə ayağa qalxmaq tövsiyə olunur.

Tədqiqatda yuxu rejimi də xüsusi qeyd olunub. Mütəxəssislərə görə, beyin sağlamlığı üçün ideal yuxu müddəti 7–8 saatdır. Gündə 7 saatdan az yatmaq demensiya riskini artırdığı halda, 8 saatdan çox yuxu da balanssızlıq yarada bilər.

Qeyd olunur ki, hər saatda qısa gəzintilərə çıxmaq, pilləkənlərdən istifadə etmək və gün ərzində mütəmadi hərəkət etmək beyin sağlamlığının qorunmasına töhfə verir.

Ümumilikdə, mütəxəssislər xəbərdarlıq edirlər ki, oturaq iş rejimi yalnız fiziki deyil, həm də zehni sağlamlığa təsir göstərir və sadə həyat tərzi dəyişiklikləri uzunmüddətli sağlamlıq üçün böyük əhəmiyyət daşıyır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki