Dünyanın fırlanma sürətindəki dəyişikliklər qlobal vaxt sistemində yeni mərhələyə keçidi gündəmə gətirib. Vaxtı sinxronlaşdırmaq üçün istifadə olunan və bəzi dəqiqələrin 61 saniyə çəkməsinə səbəb olan “artıq saniyə” tətbiqinin ləğvi planlaşdırılır.
Referans Media xəbər verir ki, təklif qəbul edilərsə, dəyişiklik 2027-ci ilin mayından qüvvəyə minə bilər. Türkiyənin də daxil olduğu 69 ölkənin bu məsələ ilə bağlı səsvermədə iştirak etməsi gözlənilir.
1955-ci ildə sezium atom saatlarının hazırlanması ilə vaxtın ölçülməsində yüksək dəqiqlik əldə edildi. Lakin Yerin öz oxu ətrafında fırlanma sürəti sabit deyil. Okean axınları, planetin ərimiş nüvəsi və digər təbii proseslər Yerin fırlanmasına təsir göstərir.
Atom saatları ilə Yerin fırlanmasına əsaslanan astronomik vaxt arasında yaranan fərqi aradan qaldırmaq üçün zaman-zaman saata bir saniyə əlavə edilib və ya çıxarılıb. “Artıq saniyə” tətbiqi bəzi hallarda texnoloji sistemlərdə problemlərə səbəb olub. Keçmişdə bəzi internet platformalarında sistem çökmələri, aviasiyada gecikmələr və qlobal kommunikasiya şəbəkələrində nasazlıqların bu vaxt düzəlişləri ilə əlaqələndirildiyi bildirilib.
Mütəxəssislər Yerin fırlanma sürətinin dəyişməsi fonunda gələcəkdə əks istiqamətdə düzəlişə, yəni “əskik saniyə”yə ehtiyac yarana biləcəyini də qeyd edirlər. Belə bir düzəlişin texnoloji sistemlər üçün daha böyük problemlər yarada biləcəyi vurğulanır.
Versalda keçirilən konfransda atom saatları ilə Yerin fırlanmasına əsaslanan vaxt arasındakı fərq bir saata çatana qədər əlavə müdaxilələrdən imtina edilməsi ilə bağlı qərar qəbul edilib. Məqsəd saatlara mütəmadi olaraq saniyə əlavə etmək və ya çıxarmaq ehtiyacını aradan qaldırmaqdır. Mövcud fırlanma sürətinə əsasən, ilk “artıq saat” düzəlişinə ehtiyac yaranmasının minlərlə il çəkə biləcəyi bildirilir.
Planlaşdırılan dəyişiklik insanların gündəlik həyatında nəzərəçarpacaq fərq yaratmayacaq. Smartfon, kompüter və qol saatlarında göstərilən vaxt dəyişməyəcək. İşə, məktəbə və ya görüşlərə getmək saatlarında da hər hansı dəyişiklik olmayacaq. Yenilik əsasən internet infrastrukturu, qlobal birjalar, peyk rabitəsi və aviasiya sistemlərində istifadə olunan texniki vaxt sinxronizasiyasına aiddir.
Türkiyənin də daxil olduğu 69 ölkənin “artıq saniyə” tətbiqinin ləğvi ilə bağlı səsvermədə iştirak etməsi gözlənilir. Təklif qəbul edilərsə, yeni sistem 2027-ci ilin mayında qüvvəyə minə bilər. 2022-ci ildə keçirilən toplantıda “artıq saniyə” tətbiqinin 2035-ci ilə qədər mərhələli şəkildə ləğv edilməsi qərara alınmışdı. Yeni səsvermə ilə bu prosesin daha erkən həyata keçirilməsi nəzərdə tutulur. Təklifə əsasən, rəsmi vaxt ölçümü Yerin fırlanmasından daha müstəqil hala gətiriləcək və atom vaxtı ilə astronomik vaxt arasındakı fərqin bir saatı keçməməsi təmin ediləcək.
