Türkiyədə şiddətli külək: iki gündə 5 nəfər həlak oldu

Güclü külək son iki gün ərzində Türkiyənin müxtəlif bölgələrində beş nəfərin həyatını itirməsinə səbəb olub. Son ölüm xəbərləri Karaman və Dənizli şəhərlərindən gəlib.

Ölkənin böyük hissəsində gün ərzində təsirini göstərən güclü külək bir sıra faciəli hadisələrə yol açıb.

Karamanın Ayrancı rayonuna bağlı Böğecik kəndində yaşayan Süleyman Karamanoğluna məxsus tövlənin metal dam örtüyü güclü küləyin təsiri ilə qoparaq ətrafa səpələnib. Həmin vaxt heyvanlarını yoxlamaq üçün çölə çıxan 58 yaşlı kişi uçan dam parçasının ona dəyməsi nəticəsində yerə yıxılıb və ağır xəsarət alıb. Hadisə yerinə çağırılan tibbi briqada onun öldüyünü müəyyən edib.

Külək Pamukkale rayonunda da təsirli olub. Aydın Çelik evinin damına nəzarət məqsədilə qalxsa da, güclü küləyin təsiri ilə müvazinətini itirərək yerə düşüb. Ağır yaralanan Çelik xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bildirilib ki, Aydın Çelikin qardaşı 1993-cü ildə PKK tərəfindən Bingöl şəhərində törədilən hücum zamanı həlak olub.

Kuşadası rayonunda yerləşən hotellərdən birində aparılan işlər zamanı da faciə baş verib. Güclü külək və qasırğa nəticəsində yaranan dalğalar körpü üzərində üzərində işləyən üç fəhləni dənizə atıb. Axtarış-xilasetmə qrupları 30 yaşlı İsmail Dağın cəsədini tapıb. Digər iki fəhlə xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Bursa şəhərində küləyin sürəti saatda 80 kilometri ötüb. Kestel rayonunda divarın uçması nəticəsində 22 yaşlı xarici vətəndaş dağıntılar altında qalaraq həyatını itirib.

Güclü külək Aksaray vilayətinin Güzelyurt rayonunda da dam örtüklərini qoparıb. Restoran sahibi olan 60 yaşlı Meral Tezer həmin vaxt bağçada olub. Qopan dam hissələrinin ona dəyməsi nəticəsində ağır yaralanan qadın xəstəxanaya aparılsa da, həyatını itirib.

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki