Vaşinqton–Tehran xəttində dönüş: Müharibə bitir?

Donald Tramp ABŞ və İran arasında davam edən münaqişə ilə bağlı yeni açıqlama verərək prosesin son mərhələyə yaxınlaşdığını bildirib.

Referans Media xəbər verir ki, Tramp “Fox News”a verdiyi müsahibədə müharibənin gedişinə dair nikbin mesaj verib: “Düşünürəm ki, müharibə bitməyə çox yaxındır.”

O, həm hərbi əməliyyatların, həm də diplomatik danışıqların paralel şəkildə davam etdiyini vurğulayıb.

ABŞ prezidenti bildirib ki, proses tam başa çatmayıb və danışıqlar hələ də davam edir. Onun sözlərinə görə, İran tərəfi razılaşmaya daha yaxın görünür, lakin yekun nəticə hələ əldə olunmayıb.

Tramp həmçinin İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasının əsas məqsəd olduğunu qeyd edib.

ABŞ vitse-prezidenti Ceyms Devid Vens isə bildirib ki, Vaşinqtonun məqsədi dar deyil, geniş miqyaslı razılaşmadır.

Onun sözlərinə görə, ABŞ İranla razılaşma əldə olunarsa, Tehranın “normal dövlət kimi davranması” qarşılığında iqtisadi münasibətlərin yaxşılaşmasına hazırdır.

Məlumata görə, tərəflər arasında aparılan müzakirələr təxminən bir həftədir davam edən atəşkəslə paralel şəkildə gedir. Diplomatik kanalların açıq olduğu və yaxın günlərdə yeni görüşlərin keçirilə biləcəyi bildirilir.

Vens iki tərəf arasında dərin güvən problemi olduğunu etiraf edərək bunun qısa müddətdə həll olunmasının mümkün olmadığını bildirib. Buna baxmayaraq, danışıqların davam edəcəyi vurğulanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki