Vaşinqtonda kritik görüş – Ukrayna müharibəsi başa çatır?

  “Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimi Zelenski və bəzi avropalı liderlərin keçirdiyi görüş müharibənin gələcək istiqamətini dəyişə biləcək real mərhələ sayıla bilər. Tramp görüşdən sonra açıq şəkildə bəyan etdi ki, o, Putinlə Zelenski arasında birbaşa görüş təşkil etməyə çalışır. Avropa liderləri də bu təşəbbüsə qoşularaq görüşün təhlükəsizlik zəmanətləri ilə müşayiət olunmasını vacib saydıqlarını ortaya qoydular”.

Referans xəbər verir ki, bu sözləri Globalinfo.az-a politoloq Rüstəm Tağızadənin deyib.

Onun fikrincə, Trampla Zelenski və bir neçə Avropa lideri arasında baş tutan bu qısa, lakin intensiv təmas təkcə protokol xarakterli görüş deyildi:

“Bu təşəbbüsün arxasında daha mürəkkəb bir məntiq dayanır. Tramp Moskvanı ənənəvi diplomatik yollarla deyil, şəxsi və qeyri-rəsmi kanallarla masa arxasına gətirmək istəyir. Keçən həftə onun xüsusi elçisi Stiv Uitkoffun Moskvaya səfəri də bu məqsədə xidmət edirdi. Bu səfər Kremldə danışıqlara “açıq görünmək” imkanı yaradaraq ona vaxt qazandırsa da, Rusiyanın niyyətinin səmimiliyi hələlik qeyri-müəyyən olaraq qalır.

Trampın niyyəti həm də Birləşmiş Ştatların qlobal rolunu bir daha qabartmaq, eyni zamanda öz şəxsi liderlik imicini gücləndirməkdir. Amma onun bu cəhdləri dövlət institutlarının  o cümlədən, Pentaqon, Dövlət Departamenti və NATO-nun  prosesdən qismən kənarda qalması ilə paralel gedir. Bu isə koordinasiya və uzunmüddətli davamlılıq baxımından ciddi boşluqlar yarada bilər”.

Ekspert deyib ki, Rusiya müharibəni dayandırmaq niyyətində deyil:

“Kreml üçün önəmli olan daha sərfəli şərtlərlə masaya əyləşmək və danışıqlar prosesindən vaxt və ərazi baxımından taktiki üstünlüklə çıxmaqdır. Uitkoffun Moskvaya səfəri və Putinin verdiyi mesajlar da bunun göstəricisidir. Moskva danışıqlara hazır imici yaratsa da, əsas məqsədi qarşı tərəfi təzyiq altında saxlamaq və hərbi meydandakı qazancları masa üzərində rəsmiləşdirməkdir.

Ukrayna tərəfi isə müstəqilliyini və ərazi bütövlüyünü təmin edəcək real təhlükəsizlik mexanizmləri olmadan hər hansı razılaşmanı qəbul etmək niyyətində deyil. Zelenskinin bu prosesdə güzəştə gedəcəyi mümkün deyil, çünki bu, təkcə siyasi deyil, həm də ictimai cəhətdən dağıdıcı nəticələr doğura bilər. Kiyev razılaşmanın yalnız yazılı şəkildə və konkret icra mexanizmləri ilə təmin edilməsini əsas şərt kimi irəli sürür.

Bu mənzərədə Avropa liderlərinin rolu da mühüm əhəmiyyət kəsb edir. Onlar Trampın təşəbbüsünü tarazlaşdırmaq və görüşün nəticələrinin NATO və Avropa təhlükəsizliyinə mənfi təsir etməsinin qarşısını almaq üçün fəal iştirak edirlər. Çünki Avropada sülh yalnız Ukrayna-Rusiya münasibətlərinin deyil, bütövlükdə qitənin gələcək sabitliyinin açarıdır”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki