Meksikada baş verən mədən faciəsi inanılmaz xilasetmə hadisəsi ilə nəticələnib. Sinaloa əyalətində yerləşən Santa Fe mədənində çökmə baş verdikdən sonra 42 yaşlı işçi Fransisko Zapata yerin təxminən 300 metr dərinliyində 13 gün boyunca sağ qalma mübarizəsi aparıb.
Referans Media xəbər verir ki, hadisə 25 martda baş verib. Mədənin bir hissəsinin çökməsi nəticəsində yaranan sel və palçıq tunelləri sürətlə basıb. İçəridə olan 25 işçidən 21-i öz imkanları ilə çıxarılsa da, bir neçə nəfər yerin altında qalıb.
Axtarış-xilasetmə əməliyyatları 312 saatdan çox davam edib. Meksika Ordusuna bağlı dalğıc qrupları su ilə dolu dar tunellərdə hərəkət edərkən uzaqdan işıq görüb və həmin işığın Zapata tərəfindən istifadə olunan məşəl olduğu müəyyən edilib.
Belə çətin şəraitdə günlərlə həyat mübarizəsi aparan işçinin vəziyyəti xilasetmə zamanı “İnancımı itirmədim” sözləri ilə yadda qalıb. Onun suyun belinə qədər qalxdığı dar və qaranlıq tunellərdə sağ qalması “möcüzə” kimi qiymətləndirilib.
Hazırda Fransisko Zapatanın müalicəsi davam edir və onun vəziyyətinin stabil olduğu bildirilir. Hadisə ölkədə mədən təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.























