İspaniya 16 yaşdan kiçik uşaqların sosial mediaya girişini qadağan etməyi və platformaların yaş yoxlaması sistemləri tətbiq etməsini məcburi hala gətirməyi qərara alıb.
Referans Media xəbər verir ki, İspaniya Baş naziri Pedro Sanchez Dubayda keçirilən Dünya Hökumətlər Zirvəsində açıqlamasında 16 yaşdan kiçik uşaqların sosial mediaya girişinin qadağan edildiyini bildirib.
Baş nazir Sanchez qeyd edib: “Uşaqlarımız heç vaxt təkbaşına gəzməməli olduqları bir mühitlə qarşı-qarşıya qalırlar. Artıq bunu qəbul etməyəcəyik. Onları rəqəmsal Vəhşi Qərbdən qoruyacağıq.”
Sanchez həmçinin vurğulayıb ki, İspaniya hökuməti gələn həftə sosial media nümayəndələrini qanunsuz və nifrət dolu məzmunlara görə məsul tutacaq yeni bir qanun layihəsini təqdim edəcək və sosial media tətbiqlərində yaş yoxlaması sistemləri məcburi olacaq.
Qeyd edək ki, Avstraliya 2025-ci ilin dekabrında 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadə etməsini qadağan edən ilk ölkə olmuşdu.
Bu addım, İngiltərə və Fransa kimi oxşar yaş əsaslı tədbirlər görməyi planlayan digər ölkələr tərəfindən yaxından izlənir.
Gülnaz Abdullazadə.
