Bu ilin oktyabrın 1-nə olan vəziyyətə əsasən, Azərbaycanda qeydiyyatda olan işsiz şəxslərin sayına görə Bakı ilk sıradadır.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
Belə ki, paytaxtda ümumilikdə 39 236 nəfər işsiz kimi qeydiyyata alınıb.
Qeyd edək ki, oktyabrın 1-nə ölkə üzrə qeydiyyatda olan işsizlərin sayı toplam 231 188 nəfər təşkil edib.
Azərbaycanda işsizliklə bağlı hansı mühüm layihələr həyata keçirilir? Nə üçün paytaxt Bakı işsizliyin səviyyəsi belə yüksəkdir?
Mövzuyla bağlı Sosioloq Sahib Məmmədov REFERANS-ın suallarını cavablandırıb.
Müsahibimizin qənaətinə görə, burada söhbət birbaşa olaraq məşğulluq orqanlarında işsiz kimi qeydiyyatdan keçmiş insanların sayından gedir. Bu statistika düzgündür və faktiki işsizlərin sayı çoxdur.
Sosioloq onu da vurğulayıb ki, Azərbaycan dövləti tərəfindən mütəmadi olaraq, müvafiq qaydalara uyğun şəkildə ölkəmizdəki ümumi işsizliklə bağlı kifayət qədər tədbirlər görülür. Bu istiqamətdə görülən tədbirlərin başlıca icraçısı isə Əmək və əhalinin sosial müdafiəsi nazirliyidir. Nazirlik bir sıra özəl şirkətlərlə birlikdə də bir çox layihələrin reallaşdırılmasına nail olub. Amma bütün bunlara baxmayaraq hələ də Azərbaycanda işsizliyin səviyyəsi ürəkaçan deyil
Sahib Məmmədov həmçinin qeyd edib ki, özünəməşğulluq proqramı, peşə yönümlü kurslarının təşkili kimi işsizliklə mübarizədə qabaqlayıcı tədbirlərin uğurlu nəticələri də az deyil. Eyni zamanda bəzi işlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi DOST Mərkəzlərinin vasitəsilə də müəyyən proqramları həyata keçirir.
Həmsöhbətimiz eyni zamanda qeyd edib ki, ölkəmizdə aktiv məşğulluq proqramları var. Həmin proqramlar həyata keçirilməkdədir. Burda da əsas məqsəd məhz elə işsizlərin sayının azaldılmasıdır. Əlbəttə bu istiqamətdə işlər görülür. İşsizlərin işlə təminatı əsas prioritet olmaqla bərabər yüksək maaşların təminatı da bahalaşmanın fonunda çox vacibdir. Yüksək maaş niyyətində olan hər bir işsiz mütləq şəkildə işləmək istədiyi sahə üzrə peşəkarlığa malik olmalıdır.
Sahib Məmmədovun fikrincə, hər il göstəricilər stabil qalır. Bu isə o deməkdir ki, əmək bazarına hər il yeni insanlar daxil olur nəyinki əmək bazarlarını tərk edən insanlar çoxalır. Ona görə də yeni iş yerləri açılsa belə əmək bazarına yeni daxil olanların sayı tərk edənlərin sayından daha çox olduğu üçün burada rəmi işçilərin sayını azaltmaq o qədər də mümkün olmur.
“Bu qeyd edilən məsələlər o demək deyil ki, ötən ildə eyni göstərici idi bu ildə eyni göstəricidirsə demək bu istiqamətdə heçbir iş görülməyib anlamını vermir. Yeni işlər görülür və insanlar işlə təmin edilir, amma əmək bazarına yeni şəxslər daxil olur və işsiz kimi qeydiyyata götürülür ona görə də bu statistikada nəzərəçarpacaq fərq olmur”,-deyə Sahib Məmmədov əlavə edib.
Bünyamin Bünyadzadə
Referans Media
