Türkiyənin Nevşehir vilayətində iki gündür itkin düşən 19 yaşlı Sümeyyə Satılmışdan acı xəbər gəlib.
Referans Media xəbər verir ki, gənc qızın cansız bədəni boş ərazidə, qayalıqlar arasında tapılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı araşdırmaya başlanılıb.
İlkin məlumata görə, Sümeyyə Satılmış əvvəlki gün saat 17:00 radələrində Kayaşehir və Kahveci dağı ətrafında olarkən yaxınları ilə görüntülü danışıq aparıb. Həmin danışıqdan sonra onunla əlaqə tamamilə kəsilib. Ailə üzvlərinin 112 qaynar xəttinə müraciətindən sonra polis dərhal axtarış əməliyyatına start verib.
Axtarışlar gecə boyu davam etdirilib, səhər saatlarından etibarən isə daha da intensivləşdirilib. Polis əməkdaşları ərazini piyada qruplarla yanaşı, dron dəstəyi ilə də nəzarətə götürüb, həmçinin təhlükəsizlik kameralarının görüntüləri araşdırılıb.
Kamera qeydlərində gənc qızın Kahveci dağının ətəkləri istiqamətində hərəkət etdiyi müəyyən edilib. Axtarışların məhz bu ərazidə sıxlaşdırılması nəticəsində Sümeyyə Satılmışın meyiti qayalıqlar arasında aşkar olunub.
İlkin ehtimallara əsasən, onun hündürlükdən yıxılaraq həyatını itirdiyi düşünülür. Lakin ölümün intihar, bədbəxt hadisə, yoxsa cinayət nəticəsində baş verməsi yalnız məhkəmə-tibbi ekspertizanın rəyindən sonra dəqiqləşəcək.
Məlumata görə, Sümeyyə Satılmışın valideynləri ayrı yaşayırdı və o, son dövrlər təkbaşına yaşayırmış. Faktla bağlı araşdırma bütün ehtimallar nəzərə alınmaqla davam etdirilir.
Hadisənin dəqiq səbəbi aparılacaq ekspertiza və istintaqın yekun nəticələrindən sonra açıqlanacaq.
