Son günlər ölkə ərazisində müşahidə olunan sərin və yağışlı hava şəraiti fonunda qarşıdakı yay mövsümünün necə keçəcəyi ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Sosial şəbəkələrdə anomal istilər, quraqlıq və meşə yanğınları ilə bağlı müxtəlif iddialar səsləndirilir.
Məsələ ilə bağlı Referans Media-ya açıqlama verən ekoloq Qorxmaz İbrahimov bildirib ki, hazırkı hava şəraiti narahatlıq doğurmur və yaz mövsümü normal şəkildə davam edir.
Ekoloqun sözlərinə görə, yaz aylarında yağıntılar normadan bir qədər artıq olsa da, bunun müsbət tərəfləri daha çoxdur:
“Yaz ayları kifayət qədər yaxşı keçdi, bahar yaxşı keçdi. Hətta normadan artıq yağıntılar oldu. Bu da su ehtiyatlarımıza müsbət təsir edir”.
Qorxmaz İbrahimov qeyd edib ki, hava dəyişikliklərinin insan sağlamlığı üçün ciddi təhlükəsi yoxdur:
“İnsan sağlamlığına ciddi zərər vermir. Sadəcə, reumatizmdən əziyyət çəkən bəzi insanlar hava dəyişikliklərinə qarşı həssas ola bilərlər. Bu, fərdi məsələdir”.
Ekoloq qarşıdakı yay mövsümü ilə bağlı yayılan qorxulu proqnozların da reallığı tam əks etdirmədiyini deyib:
“Yay mövsümü iyun ayında başlayacaq və ciddi, şiddətli istilər gözləmirik. Normal yay keçəcək. Ola bilər ki, bəzi günlər temperatur normadan yüksək olsun, amma bu, qeyri-adi hal deyil. Narahat olmağa əsas yoxdur”.
Gülnaz Abdullazadə
Mütəxəssis meşə yanğınları məsələsinə də toxunaraq bildirib ki, Azərbaycanda baş verən yanğınların əsas səbəbi insan faktorudur:
“Meşə yanğınları əsasən insan fəaliyyəti ilə bağlı olur. Siqaret kötüyünün atılması, odla ehtiyatsız davranış və digər hallar yanğınlara səbəb olur. Bəzi hallarda ildırım və ya şüşə parçasının günəş şüasını toplaması kimi ehtimallar da mümkündür, amma əsas faktor insandır”.
Qorxmaz İbrahimov əlavə edib ki, hazırda insan sağlamlığı və yay mövsümü ilə bağlı ciddi risk görünmür:
“Yay insanların sağlamlığı üçün də yaxşı ola bilər. Günəşdən və isti havadan düzgün şəkildə faydalanmaq lazımdır”.
