ABŞ-da hava nəqliyyatında texniki problemlər yenidən ciddi xaosa səbəb olub. “Delta Air Lines” aviaşirkətinin uçuş təhlükəsizliyi üçün istifadə etdiyi avtomatik hesablama sistemində yaranan nasazlıq nəticəsində təxminən 2 min reys gecikib, yüzlərlə uçuş isə ləğv edilib.
Referans Media xəbər verir ki, noyabrın 22-də baş verən nasazlıq təyyarələrin çəkisi və balansını hesablayan sistemə təsir edib. Problem səbəbindən şirkət hesablamaları müvəqqəti olaraq əl ilə aparmağa başlayıb.
Ən ciddi gecikmələr şirkətin əsas mərkəzlərindən biri olan Atlanta hava limanında qeydə alınıb. ABŞ Federal Aviasiya Administrasiyası bəzi reyslərə müvəqqəti uçuş məhdudiyyəti tətbiq edib.
Şirkət sistemin bərpa olunduğunu açıqlasa da, yaranmış gecikmələrin təsiri saatlarla davam edib. Sərnişinlərə alternativ uçuş, yemək və yerləşmə dəstəyi təklif olunub.
Xatırladaq ki, noyabrın 13-də FAA-nın kommunikasiya sistemindəki nasazlıq da ABŞ-da 18 mindən çox uçuşa və təxminən 1 milyon sərnişinə təsir etmişdi.
