Ağcaqanad mənşəli xəstəliklərə qarşı inqilabi yanaşma: Yoluxmalar kəskin azaldı

Braziliyada aparılan genişmiqyaslı araşdırma göstərib ki, volbaçia bakteriyası daşıyan xüsusi ağcaqanadların tətbiqi denqe qızdırması və çikunqunya virusuna yoluxma hallarını təxminən 69 faiz azalda bilər.

Referans Media xəbər verir ki, araşdırma nəticələrinə görə, bu xüsusi ağcaqanadların geniş yayıldığı məhəllələrdə yaşayan uşaqlarda denqe qızdırması və çikunqunya virusuna yoluxma riski digər ərazilərlə müqayisədə xeyli aşağı olub.

Dünyada denqe qızdırmasının ən çox yayıldığı bölgələrdən birində 5 700-dən çox uşağın iştirakı ilə aparılan tədqiqat göstərib ki, yalnız insektisidlərdən istifadə etmək və ağcaqanad sancmalarından qorunmağa çalışmaq əvəzinə, virusu ötürməyən ağcaqanadların yetişdirilməsi daha effektiv strategiya ola bilər.

Beynəlxalq tədqiqat qrupunun üzvü, ABŞ-ın "Emory" Universitetinin alimi Sri Edupuqanti bildirib ki, volbaçia bakteriyası daşıyan ağcaqanadların buraxıldığı məhəllələrdə məktəb yaşlı uşaqlar arasında denqe qızdırması və çikunqunya infeksiyalarında təxminən 69 faizlik azalma qeydə alınıb.

Onun sözlərinə görə, bu qoruyucu təsir Braziliyada 2024-cü ildə baş vermiş genişmiqyaslı denqe qızdırması epidemiyası zamanı da özünü göstərib.

Tədqiqatın nəticələri ABŞ-ın Florida ştatında son onilliklərin ən böyük denqe qızdırması yayılmalarından birinin müşahidə olunduğu dövrdə açıqlanıb.

ABŞ-da denqe qızdırmasına yoluxma halları əsasən xarici ölkələrə səfər etmiş şəxslərdə qeydə alınsa da, Florida ştatının səhiyyə qurumları artıq 650-dən çox yerli yoluxma halı təsdiqləyib. Yoluxmaların təxminən dörddə üçü Tampa şəhərinin yerləşdiyi Hillsboro dairəsinin payına düşür.

Mütəxəssislər hesab edirlər ki, volbaçia bakteriyası daşıyan ağcaqanadların geniş tətbiqi gələcəkdə ağcaqanad mənşəli viruslarla mübarizədə mühüm rol oynaya bilər.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki