Putinin donanması daha bir zərbə aldı: Bu dəfə hücum Liviyada baş verdi

Rusiyaya məxsus “Merkury” adlı hərbi korvet Liviyanın Benqazi şəhərindəki dəniz bazasında pilotsuz dəniz aparatlarının hücumuna məruz qalaraq batıb.

Referans Media xəbər verir ki, noyabrın 22-də baş verən hücum zamanı altı pilotsuz dəniz aparatından istifadə edilib. Onlardan ikisi gəmiyə dəyib, nəticədə güclü partlayışlar baş verib və yanğın başlayıb. Dörd aparatın isə zərərsizləşdirildiyi bildirilir.

Liviyalı hərbi rəsmilər ekipaj üzvlərinin xilas edildiyini, bəzi şəxslərin yüngül xəsarət aldığını açıqlayıblar. Yanğının nəzarətə götürüldüyü qeyd olunub.


2023-cü ildə istifadəyə verilən və Rusiyanın Qara dəniz Donanmasına aid olan “Merkury” korvetinin təxminən 90 nəfərlik ekipaj tutumuna malik olduğu bildirilir.

Hücumun Ukrayna tərəfindən həyata keçirildiyi ehtimal edilsə də, Kiyev məsuliyyəti üzərinə götürməyib. Rusiya tərəfi də hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Bundan əvvəl Rusiya ilə əlaqəli “Ascalon” yük gəmisinin Liviya sahillərində pilotsuz dəniz aparatı ilə vurulduğu bildirilib. Noyabrın 21-də isə Baltik dənizində Rusiyaya məxsus “Sparta II” yük gəmisi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Yanğın nəticəsində gəmidəki 16 ekipaj üzvü təxliyə edilib.

Finlandiya Müdafiə Qüvvələri sonuncu hücumun Ukrayna tərəfindən həyata keçirilmiş ola biləcəyini açıqlayıb.

Liviyanın şərqindəki rəsmilər Benqazi Dəniz Bazasına hücumu ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib və hadisənin araşdırılması üçün Rusiya ilə birgə istintaq aparılacağını bildiriblər.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki