Qarabağdan köçən keçmiş qondarma qurumun oyuncaq “ombudsmanı” Artak Beqlaryan biometrik pasport almaq üçün Daxili İşlər Nazirliyinə yazdığı ərizədə doğum yeri kimi Azərbaycanın göstərilməməsini xahiş edib.
Bu barədə o, özünün feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, əgər imtina edilsə, bu aktı Avropa İnsan Hüquqları Məhkəməsinə qədər göndərəcək: “Əminəm ki, qanun və ədalət bizim tərəfimizdədir. Gec-tez həmin “soyqırım dövlətinin” pasportlarımızdan çıxarılmasına nail olacağıq. Yeri gəlmişkən, 2024-cü ildə aldığım Ermənistan pasportumda doğulduğum yer Stepanakert, şəxsiyyət vəsiqəmdə isə Ermənistan Respublikası kimi qeyd olunub”, - Beqlaryan sayıqlayıb.
Xatırladaq ki, Ermənistanda noyabrın 1-dən tətbiq edilən yeni biometrik pasportların verilməsi proseduru Qarabağdan köçən ermənilərin narazılığına səbəb olub. Musavat.com-un xəbərinə görə, Qarabağı öz xoşu ilə tərk edən ermənilərin vətəndaşlıq pasportunda doğum yeri Azərbaycan və ya Azərbaycan SSR göstərilir.
Pasportda yaşayış yeri əvəzinə beynəlxalq ISO 3166 standartına uyğun olaraq yalnız ölkənin adı yazılır. Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti bunu yalnız beynəlxalq aviasiya və sərhəd standartlarına uyğunluq üçün texniki bir addım kimi təqdim edib. Qarabağı könüllü tərk edən ermənilər bunu hüquqlarının pozulması hesab edirlər.
Lakin separatçı və cahil erməni ünsürləri hələ də dərk etmirlər ki, Qarabağ ərazisi mübahisəli deyil və onun Azərbaycana aid olduğunu Ermənistan da, dünya da tanıyır. Eyni zamanda, pasportda doğum yeri "artsax" göstərilə bilməz, çünki dünyada belə bir ərazi, subyekt, yaxud müstəqil respublika yoxdur. Hətta separatizm olduğu dövrdə onlara xunta rejimi tərəfindən verilmiş əski parçası olan "pasport" da heç bir hüquqi status daşımırdı və o "sənəd"lə Qarabağ ermənisi hər hansı ölkəyə səfər edə bilməzdi. Ona görə paralel olaraq ya Rusiya, ya Ermənistan vətəndaşlığı var idi. İndi də bu həşirin qoparılması gündəm yaratmağa hesablanıb.
Bəs məqsəd nədir? Avropa Məhkəməsinin mövqeyi necə ola bilər?

Referans Media-ın məlumatına görə Hüquqşünas Xəyal Bəşirov Musavat.com-a bildirib ki, Artak Beqlaryanın pasport iddiasının arxasında məkrli siyasi, təbliğati məqsədlər dayanır: “Məqsədlərdən biri artıq mövcud olmayan Qarabağ məsələsini beynəlxalq gündəmdə yenidən ərazi mübahisəsi kimi təqdim etməkdir. Azərbaycan ərazisində mövcud olmuş separatçı qurumun keçmiş nümayəndələri öz siyasi iddialarını itirdikdən sonra həmin iddiaları başqa platformalarda yaşatmağa çalışırlar. Qarabağdan köçmüş ermənilər arasında kollektiv narazılıq və “qurbanlıq” psixologiyasını gücləndirmək cəhdləri də hiss edilir. Pasportda Azərbaycanın göstərilməsini fərdi inzibati qeyd kimi deyil, guya etnik mənsubiyyətə və tarixi kimliyə qarşı yönəlmiş addım kimi təqdim etmək buna hesablanıb. Adi pasport mübahisəsini daha geniş insan hüquqları iddiasının bir hissəsinə çevirməyə çalışırlar. Lakin siyasi iddianın mövcudluğu onun hüquqi baxımdan əsaslı olması demək deyil.
AİHM-in bu məsələyə yanaşmasını məhz bu fərqi nəzərə alaraq qiymətləndirmək lazımdır. Hüquqi baxımdan Beqlaryanın iddiası düşündüyü qədər güclü görünmür. Çünki Avropa İnsan Hüquqları Məhkəməsi ərazi iddialarına, siyasi şüarlara və tarixi narrativlərə deyil, Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan konkret hüquqların pozulub-pozulmamasına qiymət verir. İnsanın doğulduğu şəhəri öz kimliyinin bir hissəsi hesab etməsi başqa məsələdir, həmin şəhərin hansı dövlətin ərazisində yerləşdiyinin rəsmi sənəddə göstərilməsi isə tamam başqa məsələdir. Ermənistan hökuməti Qarabağdan könüllü köçmüş ermənilərə Ermənistan pasportu verir. Dövlətin öz vətəndaşlarına verdiyi pasportlarda ərazi və coğrafi məlumatları müəyyən hüquqi və texniki qaydalar əsasında göstərməsi özlüyündə insan hüquqlarının pozulması sayıla bilməz”.
