ABŞ Prezidenti Donald Tramp İranla danışıqlarda razılıq əldə olunmayacağı təqdirdə, 2027-ci il yanvarın 1-dən sonra ölkəyə hərbi zərbə endirilməsi barədə əmr verə biləcəyini açıqlayıb.
Referans Media xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına telefon müsahibəsində danışıb. O, İran tərəfini danışıqları uzatmaqda və konkret addımlar atmamaqda ittiham edib.
ABŞ prezidenti İranlı müzakirəçilərin danışıqları nəticəsiz şəkildə uzatdığını iddia edib. Onun sözlərinə görə, İran rəsmiləri ABŞ-də noyabrın 3-də keçirilən aralıq seçkilərdən əvvəlki dövrlə müqayisədə indi daha aqressiv mövqe nümayiş etdirirlər. Tramp iranlı müzakirəçiləri “peşəkar step rəqqasları” adlandıraraq, onların çox danışdıqlarını, lakin konkret nəticəyə gəlmədiklərini bildirib.
Tramp ABŞ-nin dəniz blokadasını yarmağa cəhd edəcəyi təqdirdə İranı daha sərt tədbirlərin gözlədiyini də vurğulayıb. “Ümid edirəm ki, buna cəhd edərlər. Donanmalarının qalan hissəsi kimi onlar da dənizin dibini boylayacaqlar”, – deyə ABŞ prezidenti bildirib.
Tramp bundan əvvəl də İranla bağlı açıqlamasında ölkədə hakimiyyət dəyişikliyi məsələsini o qədər də əhəmiyyətli hesab etmədiyini bildirmişdi.
O, İranla bağlı iki idarəetmə strukturunu “aradan qaldırdığını”, hazırda isə üçüncü qrupla təmasda olduğunu iddia etmişdi.
ABŞ prezidenti İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini vurğulayaraq, Tehranla uzunmüddətli və davamlı razılaşma əldə etmək niyyətində olduğunu açıqlamışdı.
