ABŞ-ın Venesuelaya məxsus neftin satışına rəsmi olaraq start verdiyi və yaxın günlərdə bu satışların davam edəcəyi irəli sürülür.
Referans Media xəbər verir ki, CNN-in hökumət mənbəsinə istinadla yaydığı məlumata görə, ABŞ dəyəri təxminən 500 milyon dollar olan Venesuelaya məxsus neftin ilk partiyasının satışını artıq tamamlayıb və yaxın günlərdə bu satışların davam edəcəyi bildirilir.
Eyni zamanda qeyd olunur ki, Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşən enerji sektoru nümayəndələri hökumətin Venesuela nefti ilə bağlı planlarına ehtiyatla yanaşıblar. Bir sıra şirkət rəhbərlərinin ölkədə davam edən qarşıdurmalar səbəbindən Venesuelada fəaliyyət göstərməyə tərəddüd etdikləri vurğulanır.
Məlumata görə, bir çox icraçı direktor ölkəyə “milyardlarla dollar sərmayə yatırılması” ilə bağlı hər hansı öhdəlik götürmədən görüşü tərk edib.
İddialara əsasən, ExxonMobil şirkətinin baş icraçı direktoru Darren Vuds görüş zamanı bildirib ki, hazırkı şəraitdə investisiya real görünmür. Onun sözlərinə görə, sərmayənin hansı gəlir verəcəyini anlamaq üçün belə əvvəlcə hüquqi və kommersiya çərçivəsinin formalaşdırılmasına ehtiyac var.
Ağ Evin rəsmisi Teylor Rocers isə mövzu ilə bağlı açıqlamasında bildirib ki, Prezident Trampın komandası Venesuelanın neft infrastrukturunun bərpası üçün misli görünməmiş investisiyalar yatırmağa hazır olan neft şirkətləri ilə müsbət və davamlı danışıqlar aparır.
Xatırladaq ki, ABŞ-ın Venesuelaya hərbi müdaxiləsindən sonra yanvarın 9-da Ağ Evdə ABŞ-ın aparıcı neft şirkətlərinin yüksəkvəzifəli rəhbərləri ilə görüşən Donald Tramp Venesuelanın neft sənayesinin yenidən qurulması və hasilatın artırılması məsələlərinin müzakirə olunacağını açıqlamışdı.






















