ABŞ və İran arasında davam edən diplomatik proseslər fonunda regionda yeni hərəkətlilik müşahidə olunur. Tərəflər arasında gərginlik hələ də tam aradan qalxmasa da, danışıqların müxtəlif formatlarda davam etdirilməsi gündəmdədir.
Referans Media xəbər verir ki, ABŞ və İran arasında aparılan müzakirələr nəticəsiz qalsa da, diplomatik təmaslar dayanmayıb. Region mənbələri bildirir ki, tərəflər arasındakı fikir ayrılıqlarının azaldılması üçün Türkiyə aktiv vasitəçilik rolunu öz üzərinə götürüb.
Prosesə Pakistan, Misir və Oman da cəlb olunub. Yeni görüş mərhələsinin keçiriləcəyi məkanlar arasında Cenevrə, İslamabad və İstanbul xüsusi olaraq nəzərdən keçirilir.
ABŞ tərəfi İranın uran zənginləşdirməni tam dayandırmasını, nüvə obyektlərinin sökülməsini və yüksək zənginləşdirilmiş uranın təhvil verilməsini tələb edir. Bu tələblər Vaşinqtonun “qırmızı xətləri” kimi qiymətləndirilir.
Digər tərəfdən, tərəflər uranın zənginləşdirmənin dayandırılma müddəti ilə bağlı razılığa gələ bilmir. ABŞ bu müddətin 20 il olmasını təklif edir, İran isə 5 illik variantı qəbul etməyə çalışır.
Diplomatik mənbələrə görə, Türkiyə tərəflər arasında körpü yaratmaq və fikir ayrılıqlarını azaltmaq üçün fəal diplomatik addımlar atır. Yeni görüşün təşkil olunması üçün hazırlıqlar davam edir.
Eyni zamanda ABŞ administrasiyası yaxın həftələrdə İran nümayəndələri ilə yeni üzbəüz görüş ehtimalını da istisna etmir. Lakin hələlik yekun qərar verilməyib.
Hörmüz boğazı ətrafında yaranan vəziyyət və ABŞ-ın İran limanlarına tətbiq etdiyi təzyiqlər danışıqlara əlavə gərginlik qatır. Buna baxmayaraq, tərəflər diplomatik kanalların açıq saxlanıldığını bildirir.
Rəsmilər hesab edir ki, prosesin gedişatından asılı olaraq yeni görüş yaxın vaxtlarda baş tuta bilər. ABŞ tərəfi isə hələ də diplomatik həll imkanının tam tükənmədiyini vurğulayır.
Hazırda bütün diqqət mümkün yeni görüşün harada keçiriləcəyinə yönəlib: Cenevrə, İstanbul və ya İslamabad – seçim hələ açıq qalır.
