ABŞ-nin Hörmüz boğazı ərazisində neft və LNG tankerlərinə hərbi müşayiət təmin etmək planı ciddi risklər səbəbindən müzakirə mövzusuna çevrilib. Hərbi rəsmilər bildirirlər ki, mövcud şərait belə bir əməliyyat üçün hələ uyğun deyil.
Referans Media xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin planlaşdırdığı əməliyyat həm təhlükəsizlik, həm də əməliyyat baxımından yüksək risk daşıyır. 1988-ci ildə ABŞ-nin “USS Samuel B. Roberts” hərbi gəmisinin İran minasına düşərək ağır zədələnməsi bu cür əməliyyatların təhlükəsini bir daha xatırladıb.
Hərbi mənbələr bildirib ki, ABŞ gəmiləri xüsusilə dəniz minaları, sürətli hücum qayıqları, pilotsuz dəniz vasitələri və raket sistemləri qarşısında həssasdır. İranın uzun illər ərzində inkişaf etdirdiyi asimmetrik müharibə imkanları isə əsas təhdid kimi qiymətləndirilir.
Rəsmilərə görə, bu risklər azaldılmadan əməliyyatın başlaması real görünmür. Risklərin aşağı düşəcəyi halda isə planın kiçik miqyaslı konvoylarla icra olunacağı ehtimal edilir. Ssenariyə əsasən, iki hərbi gəminin müşayiəti ilə az sayda tanker tək sıra ilə boğazdan keçəcək.
Ekspertlər qeyd edib ki, İranın sahil boyunca gizlədilmiş sürətli qayıqları, pilotsuz vasitələri və raket sistemləri “görünməyən təhlükə” olaraq qalır və bu da əməliyyatın ən ciddi çətinliklərindən biri hesab olunur.
