Aİ-dən Ukraynaya 3,2 milyard avroluq dəstək: İlk ödənişə yaşıl işıq yandırıldı

Avropa İttifaqı (Aİ) Ukraynaya ayrılacaq dəstək krediti çərçivəsində ilk mərhələdə 3,2 milyard avroluq ödənişin yolunu açacaq memorandumun imzalandığını açıqlayıb.

Aİ Komissiyası bildirib ki, makromaliyyə yardımı ilə bağlı memorandum bu gün Komissiyanın iqtisadiyyat üzrə üzvü Valdis Dombrovskis tərəfindən imzalanıb.

Sənəddə kredit tranşlarının həcmi və ödənişlərin həyata keçirilməsi üçün Ukraynanın yerinə yetirməli olduğu şərtlər əks olunub. Bu şərtlərə demokratiya, hüququn aliliyi, korrupsiyaya qarşı mübarizə və insan hüquqlarına hörmət kimi tələblər daxildir.

Bundan əlavə, Ukraynanın rəqəmsal platformalardan əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi, dövlət investisiyaları üçün strategiyaların hazırlanması və gömrük qanunvericiliyinin yenilənməsi istiqamətində addımlar atmalı olduğu bildirilib.

Qeyd edək ki, Aİ ölkələri daha əvvəl Ukraynaya 2026-2027-ci illər üçün ümumilikdə 90 milyard avro kredit ayrılması barədə razılığa gəlmişdi. Yeni memorandum isə bu yardım paketinin tətbiq mexanizmini müəyyənləşdirir.

Sənəd qüvvəyə mindikdən sonra Ukraynaya iyunun ortalarında ilk olaraq 3,2 milyard avroluq vəsaitin ayrılması planlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki