Avropa İttifaqı ABŞ-nin Qrenlandiyanı ələ keçirməyə yönəlik mümkün addımlarına qarşı sərt cavab mexanizmlərini müzakirə edir.
Referans Media xəbər verir ki, “The Economist” nəşri Aİ daxilində ABŞ-yə qarşı hərbi və iqtisadi təzyiq variantlarının gündəmə gətirildiyini yazıb.
Məlumata görə, Brüssel Vaşinqtonun Qrenlandiya ilə bağlı planlarını həyata keçirməsi halında Avropada yerləşən ABŞ hərbi bazalarının fəaliyyətinin dayandırılmasını ciddi rıçaq kimi nəzərdən keçirir.
Musavat.com bildirir ki, bu siyahıya Almaniyadakı Ramştayn bazası da daxildir və həmin bazanın bağlanması ABŞ-nin Yaxın Şərq və Afrika istiqamətində hərbi əməliyyat imkanlarını kəskin şəkildə məhdudlaşdıra bilər.
Nəşr vurğulayır ki, Avropa ölkələri NATO-nun qitədəki mövcudluğunun saxlanılmasında maraqlı olsalar da, Vaşinqtonun birtərəfli addımlarına qarşı bu alət siyasi və strateji çəkindirmə mexanizmi kimi qiymətləndirilir.
Bununla yanaşı, Aİ-nin ABŞ-yə qarşı iqtisadi müstəvidə də daha aqressiv addımlar ata biləcəyi bildirilir.
Musavat.com qeyd edir ki, söhbət xüsusilə Amerika texnologiya nəhənglərinə qarşı vergi, tənzimləmə və sanksiya xarakterli tədbirlərdən gedir.
Hesab olunur ki, Qrenlandiya ətrafında yaranan bu gərginlik transatlantik münasibətləri son onilliklərin ən dərin böhranlarından birinə sürükləyə bilər və ABŞ–Aİ münasibətlərində ciddi geosiyasi çat yarada bilər.






















