“Palmali Holding”in sahibi Mübariz Mənsimov həbs olunanda onun müdafiəsinə qalxanlardan biri də Qafqaz Müsəlmanları İdarəsinin rəisi, şeyxülislam Allahşükür Paşazadə olmuşdu. Bu məqsədlə şeyxülislam Azərbaycanda fəaliyyət göstərən dini icma rəhbərlərini də səfərbər edərək ölkəmizin din xadimləri adından Mübariz Mənsimovun həbsdən azad edilməsi xahişi ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət etmişdi.
Amma şeyx həzrətləri nədənsə başqa həmvətənlərimizə bu münasibəti göstərmir. Son iki il Azərbaycanla Rusiya arasında müəyyən gərginliklər yaşandı. Bu müəyyən qədər indi də davam edir.
Ötən il dekabrın 25-də Qroznı səmasında mülki təyyarəmizin raketlə vurulması nəticəsində ekipaj üzvləri və sərnişinlərin həlak olması, bir qisminin yaralanması, bu ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirərək güc tətbiq etməsi, Ziyəddin və Hüseyn Səfərov qardaşlarını öldürülməsi, onların bəzi qohumlarının həbs olunması, daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılması hadisəsi ilə bağlı Allahşükür Paşazadədən tutarlı bir rəy eşitmədik. Hələ də soydaşlarımız həbsdədilər.
Bundan başqa, elə indi də rus şovinistləri, hətta dövlət məmurları, hüquq-mühafizə orqanlarının əməkdaşları miqrantlara , əsasən də azərbaycanlılar da daxil olmaqla müsəlman dinindən olanlara qarşı alçaldıcı münasibət göstərib çox vaxt işgəncə üsulları tətbiq edirlər. Elə Rusiyada orta məktəblərdən birində rus millətçisinin tacik millətindən olan aşağı sinif şagirdini bıçaqlayıb vəhşicəsinə öldürməsini yada salaq. Nəsə cənab Allahşükür Paşazadə sükuta dalıb heç nə demir. Axı o bütün Qafqazın dini rəhbəridir. Qafqazlı müsəlmanların təhqir olunmasına, incidilməsinə heç bir reaksiya vermir. Gözləmək olardı ki, bu məsələlərə görə Rusiya Prezidenti Vladimir Putinə müraciət etsin. Amma etmədi. Nəyinə gərək. Yəqin şeyx düşünür ki, Mübariz Mənsimov heç olmasa oğlu Məhəmmədə “MP Trade Shipping Limited” şirkətini hədiyyə edib, bəs məsələn, Şahin Şıxlinski nə verib? Rusiyadakı diaspor üzvləri vaxtında Allahşükür müəllimə “görüm-baxım” etsəydilər, indi şeyx qələmini mürəkkəbə batırıb Moskvaya xahişnamə yazardı.
Sima Babayeva
