Amerika-Avropa qarşıdurması: Ağ Ev Qrenlandiya mövqeyindən dönmür

ABŞ Prezidenti Donald Tramp Qrenlandiya məsələsində mövqeyindən dönməyib. Ağ Ev bildirir ki, Avropa ölkələrinin adada təhlükəsizliyi gücləndirmək məqsədilə həyata keçirdiyi hərbi təlimlər Trampın qərarını dəyişdirməyəcək.

Referans Media xəbər verir ki, Danimarka və Qrenlandiya rəsmiləri Vashingtonla danışıqlarda razılığa gələ bilməyiblər. Prezident Tramp adanın Çin və Rusiya təhlükəsi altında olduğunu və ABŞ üçün strateji əhəmiyyət daşıdığını əsas gətirərək ilhaq planını yenidən açıqlayıb.

Avropa ölkələri adada təhlükəsizliyi gücləndirmək məqsədilə hərbi təlimlər təşkil edib. Fransa 15 nəfərlik dağ mütəxəssisi, Almaniya 13 nəfərlik kəşfiyyat qrupu, İsveç 3, Norveç 2, Böyük Britaniya isə 1 zabit göndərib. Danimarka Müdafiə Naziri Troels Lund Poulsen bu ilin sonuna qədər adada hərbi varlığı artırma planlarının olduğunu bildirib.

Ağ Evdən verilən açıqlamada bildirilir ki, Avropa qoşunlarının iştirakı Trampın qərarlarına təsir etməyəcək. Ağ Ev sözçüsü Karoline Leavitt deyib: “Avropa birliklərinin Qrenlandiyada mövcudluğu Trampın qərar vermə prosesinə və ya adanın ABŞ tərəfindən ilhaq edilməsinə təsir etməyəcək.”

Qrenlandiya Baş Naziri Jens-Frederik Nielsen açıqlayıb ki, ada sakinləri ABŞ ərazisinin bir hissəsi olmaq istəmir, lakin ABŞ-la əməkdaşlığa açıqdırlar. Qrenlandiya Xarici İşlər Naziri Vivian Motzfeld də ABŞ rəsmiləri ilə görüşlərin gərgin keçdiyini, lakin əllərindən gələni etdiklərini bildirib.

Beləliklə, ABŞ Prezidenti Trampın Qrenlandiya ilə bağlı strateji mövqeyi dəyişməz qalır və regiondakı gərginlik davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki