Yunanıstan və İsrail Şərqi Aralıq dənizində Türkiyəyə qarşı birləşib. Yunanıstan mətbuatında dərc olunan hesabatda qərargahı Vaşinqtonda yerləşən Demokratiyaları Müdafiə Fondunun hesabatına istinad edilir. “Yunanıstan və İsrail Şərqi Aralıq dənizində Türkiyəyə qarşı birləşir” başlıqlı hesabatda ABŞ-ın Aralıq dənizindəki iki əsas tərəfdaşı olan İsrail və Yunanıstan arasındakı əməkdaşlığın “silah satışı” və hərbi təlimləri əhatə etdiyi bildirilib.
Referans MEDİA xəbər verir ki, hesabatda Türkiyənin müdafiə sənayesindəki irəliləyişlərinin Afina administrasiyası daxilində “narahatlığa” səbəb olduğu bildirilib. O, Yunanıstanın 2025-2035-ci illəri əhatə edən 27 milyard dollarlıq hərbi modernləşdirmə planını vurğulayır . Hesabatda həmçinin qeyd edilib ki, Afina İsrail istehsalı olan 36 PULS artilleriya raket kompleksinin alınması ilə bağlı danışıqlar aparır. Yunanıstan özünün “Axilles Qalxanı” adlandırılan çox qatlı hava hücumundan müdafiə sistemini İsrail sistemləri ilə inteqrasiya etmək istəyir. Hesabatda “ABŞ ekspertləri Yunanıstana həm İsraildən, həm də ABŞ-dan Türkiyəyə qarşı öldürücü silah sistemləri almasını tövsiyə edir” ifadəsi işlədilib.
İki ölkənin 2021-ci ildə imzaladığı təxminən 1,65 milyard dollarlıq müqaviləyə Yunanıstan Hərbi Hava Qüvvələri üçün təlim mərkəzinin yaradılması daxildir. İsrail və Yunanıstan hərbçiləri “əməkdaşlığı gücləndirmək” üçün noyabrın 5-də hava, 13-də isə dəniz təlimləri keçirib. Vaşinqton son bir ildə Şərqi Aralıq dənizində fəaliyyətini artırıb, o cümlədən Yunanıstan hərbi obyektləri və limanlarından istifadəni genişləndirib.
Afina “gərginliyi artıran” hərəkətlər kimi Egeydə Yunan sahil mühafizəsi tərəfindən türk balıqçı qayıqlarının atəşə tutulmasını və Türkiyənin F-16-larının da iştirak etdiyi “Yunanıstan hava məkanı mübahisələrini” göstərib. İsrailin F-35 qırıcılarına sahib olduğu və Yunanıstanın bu təyyarələri ABŞ-dan sifariş etdiyi də qeyd edilib.
