Avropa Komissiyası elektrik və istilik təchizatında yaranan fasilələr səbəbindən yaranan kritik vəziyyətlə əlaqədar Ukraynaya 145 milyon avroluq yardım paketi elan edib.
Referans Media xəbər verir ki, bu barədə qurumun rəsmi açıqlamasında bildirilib.
“Avropa Komissiyası milyonlarla ukraynalının şaxtalar və elektrik kəsintiləri ilə üzləşdiyi üçün Ukraynaya və ukraynalı qaçqınları qəbul edən Moldovaya 153 milyon avro həcmində təcili yardım ayrıldığını elan edib”, – sənəddə deyilir.
Ümumi məbləğin 145 milyon avrosu Ukrayna, qalan 8 milyon avrosu isə Moldova üçün nəzərdə tutulub.
Maliyyə dəstəyi ilə yanaşı, Avropa Komissiyası bir ay ərzində Ukraynaya ümumilikdə 947 elektrik generatorunun göndəriləcəyinə söz verib.
Dünən Ukraynanın 700-dən çox şəhər və qəsəbəsində əlverişsiz hava şəraitinin elektrik enerjisinin kəsilməsinə səbəb olduğu bildirilib. Ölkənin Energetika Nazirliyi bütün bölgələrdə sənaye müəssisələri üçün enerji istehlakının məhdudlaşdırılması cədvəllərinin, eləcə də bütün kateqoriyalı istehlakçılar üçün saatlıq elektrik enerjisinin kəsildiyini elan edib. Bir neçə bölgədə də təcili söndürmələr tətbiq edilib.//publika.az
