Avropanın 100 milyard avroluq hərbi layihəsi iflasa uğradı: Fransa və Almaniya yollarını ayırdı

Avropanın ən böyük müdafiə sənayesi təşəbbüslərindən biri hesab olunan Yeni Nəsil Döyüş Hava Sistemi (FCAS) layihəsinin dayandırıldığı bildirilir. Təxminən 100 milyard avro dəyərində qiymətləndirilən layihənin taleyi Fransa və Almaniya arasında yaranan fikir ayrılıqları fonunda həll olunub.

Referans Media xəbər verir ki, layihənin dayandırılmasının əsas səbəbləri sırasında sənaye nəhəngləri "Airbus" və "Dassault Aviation" arasında texnologiya paylaşımı, idarəetmə səlahiyyətləri və kommersiya maraqları ilə bağlı uzunmüddətli mübahisələr yer alıb.

Bundan əlavə, Paris və Berlinin yeni nəsil döyüş təyyarəsindən gözləntilərinin fərqli olması da layihənin gələcəyinə mənfi təsir göstərib. Fransa təyyarənin nüvə silahı daşımaq və aviadaşıyıcılardan istifadə etmək imkanına malik olmasını istəyərkən, Almaniya belə xüsusiyyətlərin əlavə xərc yaratdığını hesab edib.

Layihə yalnız yeni döyüş təyyarəsinin hazırlanmasını deyil, həm də pilotsuz uçuş aparatları, süni intellekt dəstəkli sistemlər və inteqrasiya olunmuş döyüş şəbəkəsinin qurulmasını nəzərdə tuturdu. FCAS-ın gələcəkdə "Dassault Rafale" və "Eurofighter Typhoon" kimi platformaları əvəz etməsi planlaşdırılırdı.

Layihənin dayandırılmasından sonra Fransa müdafiə sənayesinin diqqətini "Rafale" təyyarələrinin modernləşdirilməsinə yönəltməsi gözlənilir. "Airbus" üçün isə yeni tərəfdaş axtarışı gündəmdədir. Şirkətin "Saab" ilə əməkdaşlıq etməsi və ya "Qlobal Hava Döyüş Proqramı" (GCAP) proqramına qoşulması ehtimalları müzakirə olunur.

Ekspertlər hesab edirlər ki, bu qərar Avropanın müdafiə sahəsində strateji müstəqillik planlarına ciddi təsir göstərə və bir sıra ölkələrin yenidən "F-35 Lightning II" platformasına üstünlük verməsinə səbəb ola bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki